Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 24-də Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, ərzaqlıq buğda ilə bağlı müqavilələrin bağlanması, dəymiş zərərə görə sığorta ödənişləri və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini qəbuldan sonra Ağdam DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Elçin Zeynalov Çullu kəndində Rəhim Allahverdiyevə məxsus taxıl sahəsinə baş çəkib. Görüşdə taxıl biçini, əkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, taxıl biçini prosesinin təşkili, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər