"TürkMed", "MedEra", "Muğan" Klinikasının onlayn təhsilli “HƏKİMİ”

Paytaxtın Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim çalışır, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur.

Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan vətəndaş şikayətində iddia olunub.

Həqiqəti aşkarlamaq üçün Baku TV sözügedən klinikada olub.

Klinikanın əməkdaşı Əhməd Əhmədzadə tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində, travmatologiya ixtisası üzrə rezidentura təhsilini isə xaricdəki universitetlərdən birində onlayn formada aldığını söyləyib. O, onlayn təhsil almağına dair diplomunun “MedEra Hospital”da olduğunu bildirib.

“MedEra” hospitalın baş direktoru İbrahim Əliyev isə Əhməd Əhmədzadənin adıçəkilən klinikada həkim kimi çalışmadığını deyib:

“O, bu klinikada əməliyyat zamanı travmatoloqun yanında yalnız köməkçi kimi iştirak edir. Türkiyədə tibb qardaşı ixtisası üzrə təhsil alıb və həmin sahədə fəaliyyət göstərir”.

Həmçinin bildirilib ki, Əhməd Əhmədzadə daha öncə "Muğan" klinikada ortoped-travmatoloq kimi fəaliyyət göstərib. Bununla bağlı xəstəxananın rəsmi saytında da məlumat olduğu qeyd edilib. Klinikadan verilən açıqlamada isə, bunun mexaniki səhvlik olduğu, onun heç vaxt orada çalışmadığı bildirilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur:

“Göstərilən faktla əlaqədar Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.



Tehsil-press.az

Oxşar xəbərlər