
Avropa Onurğa Cəmiyyətlərinin keçirdiyi "Skoliozla Yaşamaq" adlı beynəlxalq vebinarda qeyd olunub ki, skolioz xüsusilə 10-16 yaşlı yeniyetmələr arasında geniş yayılıb və erkən mərhələdə müdaxilə onun ağırlaşmasının qarşısını ala bilər.
Almaniya və Fransadan olan mütəxəssislərin fikrincə, 10-20° əyrilikdə fiziki terapiya və müşahidə kifayət edir, 20-40° hallarda xüsusi korsetlər tətbiq olunur, 40° və yuxarı əyriliklərdə isə cərrahi müdaxilə tövsiyə olunur.
Fransız ortoped Dr. Anna Lefevre bildirib ki, sadə fiziki baxışlarla belə erkən mərhələdə əyrilik müəyyən oluna bilər və müalicəyə başlamaq mümkündür.
"Skolioz yalnız onurğa problemi deyil, həyat keyfiyyətinə təsir edən faktordur"
Mövzu ilə bağlı açıqlama verən reabilitoloq və fizioterapevt Afaq Azadın sözlərinə görə, skolioz təkcə fiziki deyil, eyni zamanda emosional və psixoloji yüklənməyə də səbəb olur:
"Skolioz uşaqlarda özünəinam itkisinə, sosial çətinliklərə və psixoloji gərginliyə gətirib çıxara bilər. Həm estetik, həm də funksional narahatlıqlara yol açır. Ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunan bu əyrilik vaxtında müdaxilə tələb edir".
O, vurğulayıb ki, düzgün fizioterapiya yanaşması və fərdi məşq proqramları ilə skoliozun cərrahiyyəyə ehtiyac qalmadan idarə olunması mümkündür:
"Xüsusi məşq metodikaları - məsələn, Schroth texnikası - əzələ balansının bərpası və duruşun düzəldilməsi baxımından çox təsirlidir. Lakin bu, yalnız həkim nəzarətində və davamlı reabilitasiya ilə mümkün olur".
Afaq Azad valideynləri uşaqların duruş dəyişikliklərinə qarşı diqqətli olmağa çağırır və əlamətlərin erkən aşkarlanmasının müalicə şanslarını xeyli artırdığını bildirir.
Tehsil-press.az