Aqrar Tədqiqatlar Mərkəzi və Milli Observatoriya arasında Anlaşma Memorandumu imzalanıb

Aqrar Tədqiqatlar Mərkəzi və Milli Observatoriya arasında Anlaşma Memorandumu imzalanıb Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıb.

Milli Observatoriyada keçirilən görüşdə Elnur Səfərli qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Observatoriya əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və dövlətin məşğulluq strategiyalarının dəstəklənməsinə xidmət edir.

Qurumda iqtisadi fəal əhalinin məşğulluğunun cari vəziyyəti, strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazası və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatlar təhlil edilir, habelə əmək bazarına təsir edən sosial-iqtisadi, texnoloji və institusional amillər araşdırılır.

Rəşad Hüseynov Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəz aqrar siyasətin elmi əsaslandırılması və analitik bazasının formalaşdırılması istiqamətində fəaliyyət göstərir və “beyin mərkəzi” kimi bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə elmi və analitik əməkdaşlığa önəm verilir.

Memorandumun əsas predmeti kənd təsərrüfatı sahəsində məşğulluq, o cümlədən qeyri-formal məşğulluq, aqrar sahədə məşğulluq məqsədilə daxili miqrasiya, kənd yerlərində sosial rifah, aqrar əmək bazarının inkişafı və dayanıqlı məşğulluğun təşviqi ilə bağlı məlumatların toplanması, təhlili, tədqiqatların aparılması, aqrar məşğulluqla bağlı proqnozların verilməsi, eləcə də bu sahədə elmi və praktiki təcrübənin paylaşılmasıdır.

Sənədə əsasən, tərəflər aqrar sahədə əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, işçi qüvvəsinin strukturu və peşə tərkibi üzrə birgə tədqiqatlar aparacaq, kənd yerlərində işsizliyin və qeyri-formal məşğulluğun azaldılması ilə bağlı təkliflər hazırlayacaqlar. Əmək bazarına təsir edən iqlim dəyişikliyi, texnoloji yeniliklər və iqtisadi transformasiyaların sosial təsirləri də ortaq araşdırma mövzularına daxildir.

Aqrar əmək bazarına dair statistik məlumatların qarşılıqlı mübadiləsi, məlumat bazalarının inteqrasiyası və uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatında tələb olunan yeni peşə və bacarıqların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq da nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər