
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun travmatoloq ortopedi İlham Şıxbabayev açıqlayıb.
Onun sözlərinə görə, ilin soyuq aylarında uşaqlarda daha çox məişət travmalarına rast gəlinir:
“Ümumi müraciətlərin sayı isə digər aylara nisbətən azalır. Bunun səbəbi isə uşaqlarda qeyd etdiyim zamanlarda fiziki aktivliklə daha çox əlaqəlidir. İlin isti vaxtlarında uşaqlarda fiziki aktivlik artır və təbii olaraq müəyyən travmalara daha çox rast gəlinir. Həmçinin, məktəbli uşaqlarda tətil vaxtlarında travmalarla əlaqədar müraciət sayı artır”.
Travmatoloq bildirib ki, xüsusilə noyabr–fevral ayları arasında uşaqların daha çox evdə vaxt keçirməsi ilə əlaqədar travmaların sayı bir qədər azalır:
“Bu fəsildə uşaqlar daha çox məişət xəsarətləri (yıxılma, kəskin alətlərlə xəsarət, yanıq və s.) ilə müraciət edirlər. Lakin, ümumi müraciətlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur və bu dövrdə uşaq travmalarının ümumi müraciətlərdəki payı 25–30% təşkil edir. Travmatoloq-ortopedlər üçün mövsümə uyğun profilaktik tədbirlərin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması və valideynlərin diqqətinin bu mövzuya yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Məktəb və bağçalarda, yay düşərgələrində təhlükəsizlik qaydalarının təbliği, həmçinin açıq havada uşaqlar üçün təhlükəsiz mühitin yaradılması travma hallarının qarşısını almaqda mühüm rol oynaya bilər”.
Tehsil-press.az