Tanınmış fotoqraf Orxan Aslanovun EVİNDƏ YANĞIN

Tanınmış fotoqraf Orxan Aslanovun EVİNDƏ YANĞIN Nardaran qəsəbəsi ərazisində baş verən yanğında xəsarət alan olmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145 kvadratmetr olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115 kvadratmetr sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin üzlüyü qismən yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3 kvadratmetr sahədə deformasiya edib. Bitişik tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb", - deyə məlumatda vurğulanıb.

***

Bu barədə Orxan Aslanov paylaşım edib.

Onun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb:

“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - fotoqraf qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər