BDU-nun Elmi Kitabxanası və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Web of Science” platformasının effektiv istifadəsinin artırılması məqsədilə həyata keçirilib. Təlimi BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev açıq elan edərək, tədqiqat fəaliyyətinin inkişafında bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Təlim “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi, müştəri məmnuniyyəti üzrə məsləhətçi Xəyalə Hacıyeva tərəfindən keçirilib. Tədbirdə Universitetin doktorantları, tədqiqatçıları və kitabxana əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində Universitetin “Web of Science” platformasındakı təşkilat profili təhlil olunub, təsdiqlənməmiş müəllif profillərinin müəlliflər tərəfindən təsdiqlənməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.
Bununla yanaşı, iştirakçılara platformanın süni intellekt əsaslı “Research Assistant” funksiyasının imkanları təqdim olunub. Təlim zamanı ədəbiyyat icmalının hazırlanması, elmi hipotezlərin formalaşdırılması və məqalələrin nəşri üçün uyğun jurnalların müəyyənləşdirilməsi kimi mühüm məsələlər ətraflı izah edilib.
Tədqiqatçıların ehtiyacları nəzərə alınaraq təşkil olunan təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az









