
Monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq iki dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdır.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
Sevindirici haldır ki, son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimai Birliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu da şəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbit şərait yaradır. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Tehsil-press.az