Nişanlısı: "Hər döyülən ölmür: bəs Rasim niyə öldü?"

Nişanlısı: "Jurnalist Rasim Əliyevin ölümündə həkimlər də ən az həbs edilən cinayətkarlar qədər günahkardırlar".

Tehsil-press.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında döyülərək öldürülən mərhum jurnalist Rasim Əliyevin nişanlısı Gülər Abbasova sözügedən cinayət işində cinayətkarların hamısının cəzalanmasına baxmayaraq, cinayətkarcasına səhlənkarlıq edən həkimlərin cəzasız qalması ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu səbəbdən zərərçəkənin hüquqi varisinin vəkili Fariz Namazlı işin ibtidai istintaqa qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə vəsatət verib:
"Bu prosesdə tələbimiz həkimlər barədə düzgün araşdırmanın aparılmasıdır. Dəfələrlə qaldırdığımız vəsatətləri Ağır Cinayətlər Məhkəməsi təmin etməyib. Rasim Əliyevin ölümündə həkimlər də ən az həbs edilən cinayətkarlar qədər günahkardırlar. 7 saat ərzində bir neçə dəfə müayinə olunmalı olan xəstəni nəzarətsiz qoyan həkimlərin səhlənkarlığı cinayətdir. Cavid Hüseynov cinayəti təşkil etməklə Rasimin ölümünə şərait yaratdı. Həkimlərsə gecə saatlarında əməliyyat adı altında yol verdikləri səhvlə bu ölümü qaçılmaz etdilər. Hər döyülən ölmür!"
G.Abbasova həkimlərin sənəd saxtakarlığı barədə də ətraflı məlumat verdi:
"Həkim Saday Əliyevin xəstəni axşam saat 20:00-da əməliyyat etməsi ilə bağlı verdiyi açıqlamaları və xəstəlik tarixçəsində qeyd olunan saat fərqlərindəki səhvləri biz onlara sübut etmişik. Saat 20:00-da Rasim əməliyyat olunmayıb, çünki həmin vaxt yanında adamlar olub, anası orada olub, çəkilişlər aparılıb, mən də telefonla danışmışam. Yəni Rasimin saat 20:00-da əməliyyat olunmadığını biz sübut etmişik. Sonradan bu məsələni belə əsaslandırdılar ki, guya xəstəlik tarixçəsində qaralama olmasın deyə, bu səhv tarixi dəyişməyiblər".
G.Abbasovanın sözlərinə görə, bundan sonra həkimlər əməliyyatın 00:40-da edildiyi barədə düzəliş veriblər:
"Halbuki həkimlər yenə də sənədləri saxtalaşdırdılar. Mehman Hüseynov hadisə zamanı gecə saat 1-də Rasimin yanından çıxıb, video-çəkilişlər aparıb, belə olan halda Rasim saat 00:40-da necə əməliyyat oluna bilər? Rasim danışa bilirdi. O, yarım saatdan çox Skayp vasitəsilə danışıb. Mehman Rasimdən gülə-gülə ayrılıb. Bundan 15 dəqiqə sonra zəng ediblər ki, vəziyyəti pisləşib, əməliyyata götürüblər.
Bizim istəyimiz odur ki, həkimlər də prosesə cəlb olunsunlar və onlar da öz cəzalarını alsınlar. Çünki əslində, nə baş veribsə, xəstəxanada əməliyyat adlandırdıqları həmin 15-20 dəqiqəlik prosesdə olub. Ya narkoz düzgün verilməyib, ya sistemin qoyulması ilə bağlı səhv olub ki, onun vəziyyəti sonradan pisləşib. Rasimin "dostu" adlandırılan və prosesləri çox yaxşı bilən adam da sonradan istintaqa dəyişik ifadə verdi. O bizə söylədiklərini məhkəmədə də demədi".
G.Abbasova müayinə ilə bağlı sənədlərin cinayət işinə əlavə olunmadığını da diqqətə çatdırıb:
"Rasimin heç bir USM, rentgen nəticələri indiyə qədər ailəsinə təqdim olunmayıb. Bu nəticələr hazırda da istintaq materiallarında yoxdur. Bu, bir daha təsdiqləyir ki, həkimlər günahkardır və onlar cəza almalıdırlar".
Qeyd edək ki, ANN TV-nin əməkdaşı Rasim Əliyev 2015-ci il avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qəti imkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan, ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.


Tehsil-press.az

Oxşar xəbərlər