BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub Bakı Dövlət Universitetində (BDU) Bilik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin orkestrinin ifasında Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU rektoru Elçin Babayev yeni tədris ili münasibətilə müəllim və tələbələri, valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor qalib ölkəmiz və xalqımız üçün bu ilin əlamətdar olduğunu qeyd edib. Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” qeyd olunur, müstəqil Azərbaycanın Konstitusiyasının 30, Qarabağda böyük Zəfərimizin 5 illik yubileyləridir: “Bu gün Qarabağda aparılan bərpa işləri, cənab Prezidentin bu bölgəyə səfərləri onu göstərir ki, bizim ölkəmiz yalnız sülh istəyir, yaradıcılığa, quruculuğa köklənib. Dünyada baş verən hadisələrin fonunda isə çiçəklənən və qüdrətlənən Azərbaycan bir nümunəyə çevrilib. Bakı Dövlət Universitetinin də bu inkişafda payı var. Biz tələbələrimizlə fəxr edir, hər birinə bu yolda uğurlar və sağlamlıq arzulayırıq. Gəlin zəngin keçmişi, böyük potensialı, gözəl ənənələri və parlaq gələcəyi olan Bakı Dövlət Universitetinin şərəfini, şöhrətini daha da yüksəklərə qaldıraq, bunun üçün birlikdə çalışaq. Düşünürəm ki, sizlər BDU-nu seçməklə özünüz üçün ən düzgün qərarı vermisiniz. Dünyada bütün universitetlər öz məzunları ilə fəxr edir. BDU da öz məzunları ilə daim fəxr edir. Universitetimizin ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Biz hər zaman bu adı qürurla çəkirik. Siz də fəxr etməlisiniz ki, belə bir Universitetin tələbələrisiniz”.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli nazir Emin Əmrullayevin təbriklərini çatdırıb, yeni tədris ilində müəllim və tələbələrə uğurlar arzulayıb. O, BDU-nun həm elm, həm də həyat məktəbi olduğunu qeyd edib: “Ölkəmiz məhz bilikli, savadlı gənclərin sayəsində daha da inkişaf edəcək. Əminəm ki, siz gələcəkdə BDU məzunu olmağınızla fəxr edəcəksiniz”.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Milli Məclisin üzvləri - Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, valideynlər adından Milli Məclisin üzvləri Vüqar Rəhimzadə və Elnarə Akimova çıxışlarında müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.

Sonra 2025/2026-cı tədris ilində bakalavr pilləsi üzrə “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına 697.5 balla qəbul olunan Çiçək Hümmətli, Tarix fakültəsinin I kurs tələbəsi, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant  Anar Əliyevin övladı Nigar Əliyeva çıxış edərək, arzu və istəklərini bildiriblər.

Tədbir BDU-nun himninin səsləndirilməsi ilə başa çatıb.

BDU-da Bilik Günü qeyd olunub
BDU-da Bilik Günü qeyd olunub
BDU-da Bilik Günü qeyd olunub
BDU-da Bilik Günü qeyd olunub
BDU-da Bilik Günü qeyd olunub


Tehsil-press.az

Oxşar xəbərlər