Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Günü qeyd olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Günü qeyd olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn Bilik Günü keçirilib.
“Zoom” platforması üzərindən keçirilən görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova yeni dərs ilinin başlanması münasibətilə tələbələri və professor-müəllim heyətini təbrik edib. Gənclərə pandemiya dövründə təhsildə qarşıya çıxan çətinliklərə baxmayaraq onlayn dərslərdə fəal iştirakda, yeni bilik və vərdişlərin qazanılmasında uğurlar arzulayıb.
Dövlət başçısı İlham Əliyevin Bilik Günü ilə əlaqədar təhsil ictimaiyyətinə ünvanladığı müraciətindən bəzi məqamlara toxunan G.Məmmədova postpandemiya dönəmində müəllimlərin və tələbələrin üzərinə mühüm vəzifələrin düşdüyünü, bu çətin günlərdə hamının birlikdə güclü olması üçün çalışmasının vacibliyini diqqətə çatdırıb. O, ölkəmizdə ictimai sabitliyin qorunub saxlanması üçün gəncləri Vətənimizi sevməyən xain, nankor qüvvələrin, təxribatçı dəstələrin toruna düşməməyə, yalan vədlərinə aldanmamağa, geniş auditoriyası olan sosial şəbəkələrdə aktiv olmağa, düşmənə layiqli cavab vermək üçün savadlı, vətənpərvər ruhda yetişməyə çağırıb.
Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov universitetin tələbə-müəllim heyətini təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb, öz tövsiyələrini veriblər. Tələbələrdən Leyla Yunusova, Vüsal Fərzəliyev ötən semestrdə pandemiya şəraitində onlayn dərslərin təşkilində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər, müəllimləri və tələbə dostlarını Bilik Günü münasibətilə təbrik ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər