Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, doktorant Günay Nurəliyeva, laboratoriyanın baş elmi işçisi vəzifəsini icra edən kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva və böyük elmi işçi Aynurə Həsənovanın həmmüəllifi olduqları məqalə Journal of Applied Polymer Science (18 August 2025, e57839, https://doi.org/10.1002/app.57839) jurnalında dərc olunub.

“Fibrous Basalt Role in the Formation of the Segregation Structure of Thermoplastic Elastomers” (Termoplastik elastomerlərin seqreqasiya quruluşunun formalaşmasında lifli bazaltın rolu) adlı məqalədə random polipropilen (RPP) əsasında polimer qarışığın dartılmada möhkəmlik həddi və dartılmada axıcılıq həddinə butadien stirol sintetik kauçukun (SKS) miqdarının təsiri tədqiq olunub. Müəyyən edilib ki, termoplastik elastomerlər (TPE) üçün xarakterik olan yüksək elastik fiziki halın formalaşmasına uyğun olaraq 30 % kütlə SKS miqdarında faza inversiyası baş verir, yəni RPP-nin dispers mühiti dispers fazaya çevrilir və əksinə, SKS-in dispers fazası dispers mühitə çevrilir.

RPP+30 kütlə % SKS və RPP+40 kütlə % SKS əsasında TPE-nin dartılmada möhkəmlik həddini artırmaq üçün mineral doldurucu kimi az öyrənilən lifli bazaltdan (LBZ) istifadə edilib.

Qeyd edək ki, Scopus, Web of Science Science Citation Index Expanded indeksli bazalara daxil olan jurnal impakt faktoru (Clarivate) 2.8−ə, CiteScore-u (Scopus) 5.8 -ə bərabərdir və Q2 kateqoriyasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər