Botanika İnstitutunda 27 sentyabr - Anım Günü munasibətilə “Zəfərə gedən yolun 5 ili” adlı dəyirmi masa keçirilib

Botanika İnstitutunda 27 sentyabr - Anım Günü munasibətilə “Zəfərə gedən yolun 5 ili” adlı dəyirmi masa keçirilib Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının üzvləri, qazilər, institutun rəhbərliyi və kollektivi iştirak ediblər.

Əvvəlcə vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq hazırlanmış video-çarx tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. 44 günlük Vətən müharibəsini qurtuluş savaşı kimi qiymətləndirib və qeyd edib ki, torpaqlarımız işğaldan Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. S.İbadullayeva Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününü Vətən müharibəsi qəhrəmanlarına dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb. İbadullayeva yeni çapdan çıxmış “Qarabağ florası” kitabının Qarabağın Şanlı Zəfərinə ithaf olunduğunu vurğulayaraq, botaniklər adından Ali Baş Komandana, onun müzəffər ordusuna, al qanı ilə tarix yazan şəhid və qazilərimizə dərin ehtiramını bildirib.

Daha sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad edib. Muxtar Nağıyev çıxışında, Botanika İnstitutunda təşkil olunan anım tədbirinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təşəbbüs müharibə fədakarlarının unudulmaması və müstəqillik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsi qaziləri Salman Xudaverdiyev, Rəşad Aslanov, Ramin Şirinov, Kənan Quliyev, Əsgər Əhmədov və Qafar Məmmədəliyev çıxış edərək müharibədə keçdikləri döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən danışıb. Bu gün onlara göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir Anım Günü ilə əlaqədar təşkil olunmuş ehsan süfrəsi ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər