Pensiya yaşı 5 il azaldılır? – Sabiq nazirdən vacib açıqlama

Pensiya yaşı 5 il azaldılır? – Sabiq nazirdən vacib açıqlama Ölkədə pensiya yaşının artılacağı istiqamətində müzakirələr davam edir. Digər tərəfdən bildirilir ki, Azərbaycan bu məsələdə MDB məkanında hətta liderlik edir. Yəni sovet dövrü ilə müqayisədə ömür uzunluğu azı 10 il azalıb, amma pensiya yaşı əksinə, 5-6 il qaldırılıb. Təklif edilir ki, pensiya yaşı 5 il azaldılsın.

Sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Azərbaycanda bu gün hansı motivlərlə əsaslandırılmasından asılı olmayaraq, pensiya yaşının artırılması doğru addım sayıla bilməz:

“Belə qərar cəmiyyətdə insanların ciddi narazılığına səbəb olar. Onsuz da biz indiki pensiya yaşı ilə vaxtilə bir məkanda olduğumuz ölkələrdən öndəyik. Fikrimcə, indi hökumət daha çox pensiya yaşı ilə insanlarımızın real orta yaşının uzlaşdırılması üzərində düşünməli və bunun tam optimallaşdırılmasını təmin edən addımlar atmalıdır. Digər mühüm məsələlərdən biri də insanların orta yaşının artırılmasını təmin edə biləcək tədbirlərin effektivliyinin təmin olunmasıdır”.

Sabiq nazir bildirib ki, ölkəyə gətirilən və bir çox hallarda aşağı keyfiyyətli olması səbəbindən insanların sağlamlığına zərbə vuran qida və dərmanların idxalının qarşısı alınmalıdır:

“Həmçinin keyfiyyətli yerli ərzaq məhsullarının istehsalının artırılmasını təmin edə biləcək yollar tapmalıyıq. Bu gün istehlak etdiyimiz ərzaq məhsullarının 2/3 hissəsini xaricdən idxal edirik. Bir aqrar ölkə kimi bu, sadəcə utancverici haldır. Yaxşı olardı ki, hökumət bu kimi məsələlərin həlli istiqamətində qətiyyətli addımlar atsın. Ölkəyə keyfiyyətsiz məhsulların və dərmanların idxalının qarşısının alınması, yerli və yüksək keyfiyyətli ərzaq məhsullarının istehsalının artırılması son nəticədə əhalinin orta yaş həddinin artmasını təmin edər. Yalnız bu halda ölkədə əhalinin pensiya yaşının yenidən baxılması mümkün olar. İndi isə bunun zamanı deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər