Ukraynanın dərin zərbələri: Moskva vilayəti qaranlığa qərq oldu, enerji infrastrukturu iflic vəziyyətdədir

Ukraynanın dərin zərbələri: Moskva vilayəti qaranlığa qərq oldu, enerji infrastrukturu iflic vəziyyətdədir "Ukraynanın hücumları Rusiyanın enerji sistemini çökdürür..."

Gecənin qaranlığında dron hücumu Moskva ətrafını iflic etdi

Ukrayna KİV-lərinin yaydığı məlumata görə, 1 noyabr gecəsi Ukraynanın genişmiqyaslı pilotsuz aparat hücumu nəticəsində Rusiya paytaxtını əhatə edən Moskva vilayəti qaranlığa bürünüb. Rusiyanın Fövqəladə Hallar və Müdafiə Nazirliyi ilkin mərhələdə "enerji qəzası" versiyasını irəli sürsə də, hadisə ilə bağlı yayılan görüntülər və şahid ifadələri bunun daha çox məqsədyönlü hücum təəssüratı yaratdığını göstərir.

Jukovski şəhəri tamamilə işıqsız qalıb, Mıtişşidə elektrik fasilələrlə verilib, sakinlər isə gərginlik dalğalanmalarından və partlayış səslərindən şikayətləniblər. Moskva meri Sergey Sobyanin gecə boyu hava hücumundan müdafiə qüvvələrinin 6 dronu vurduğunu açıqlasa da, Rusiya Müdafiə Nazirliyi ümumilikdə ölkə üzərində 98 pilotsuz aparatın qeydə alındığını bildirib.

Dronlar yalnız paytaxt regionu ilə məhdudlaşmayıb, eyni gecə Belgorod, Voronej, Tula, Lipetsk, Ryazan, Samara və Rostov vilayətlərində də partlayış səsləri eşidilib. Tula sakinlərindən biri deyib: "Bütün ev silkələndi, siqnallar çalındı. Sanki hava özü partladı".

Hücumlar təkcə şəhərlərin işıqlarını söndürməklə kifayətlənməyib. Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi (BKİ) Moskva vilayətində yerləşən "Halqa" adlı əsas neft məhsulları kəmərini partlatdığını açıqlayıb. Ramen rayonunda baş verən partlayış nəticəsində benzini, dizel və aviasiya yanacağını daşıyan üç əsas boru eyni anda sıradan çıxarılıb.

Kəşfiyyat orqanının məlumatına görə, "antidron torları" və obyektin silahlı mühafizəsi belə partlayışı önləyə bilməyib. 400 kilometrlik bu magistral kəmər Rusiya ordusunun yanacaq təminatında əsas rol oynayırdı - ildə təxminən 3 milyon ton aviasiya yanacağı və 2,8 milyon ton dizel ötürmək gücündə idi.

Ukrayna Hərbi Dəniz Qüvvələri isə eyni gün "Neptun" qanadlı raketləri ilə Rusiyanın Orlov vilayətindəki İstilik Elektrik Stansiyasını və Novobryansk altstansiyasını vurub. Hər iki obyekt regiondakı hərbi sənaye müəssisələrini enerji ilə təmin edirdi. VMS-nin bəyanatında bildirilir: "Bu zərbələr işğalçıların logistik sisteminə ciddi zərbədir. Ukrayna ordusu sübut edir ki, düşmənin arxa cəbhəsi artıq təhlükəsiz deyil".

Son hücumlar göstərir ki, Ukrayna artıq müharibəni yalnız cəbhə xətti ilə məhdudlaşdırmır, Rusiya dərinliklərindəki kritik enerji və yanacaq infrastrukturunu hədəfə alır. Paytaxtın ətrafında baş verən kütləvi elektrik kəsintiləri, hərbi yanacaq kəmərinin sıradan çıxarılması və sənaye müəssisələrinin enerji təminatının pozulması Rusiyanın müharibə mexanizminə strateji zərbə kimi qiymətləndirilir.

Təhlilçilər qeyd edir ki, bu, Kreml üçün həm texnoloji, həm də psixoloji sarsıntıdır: enerji sabitliyinin pozulması Rusiya əhalisində və sənaye sistemində narahatlıq yaradır. Moskva vilayətindəki "qaranlıq gecə" isə artıq təsadüfi hadisə deyil, Ukraynanın planlı yeni hibrid taktikasının təzahürüdür, bu da səssiz, amma dəqiq zərbələrlə düşmənin enerji damarlarını kəsməkdən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər