Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Rövşən Cavadov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş minlərlə qəhrəman arasında BDU-nun 22 şəhid məzunu var. Onlardan dörd nəfəri - Əsəd Əsədov, Cavid Manafov, Ataməli Musaoğlu və Erkin Hüseynov Sosial elmlər və psixologiya fakültəsinin məzunu olub. Həm Universitet, həm də fakültə rəhbərliyi tərəfindən şəhid məzunların xatirəsi daim uca tutulur, onların şərəfli ömür yoluna həsr edilmiş anım tədbirləri keçirilir, müntəzəm olaraq ailələrinə baş çəkilir və məzarları ziyarət olunur. Fakültədə təhsil alan şəhid və qazi övladları daim diqqətdə saxlanılır, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində müvafiq dəstək göstərilir. Dekan həmçinin fakültədə çalışan əməkdaşlardan üç nəfərinin - Pedaqogika kafedrasının dosenti Gülarə Kərimova, laborantı Aysu Əmrahova və Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın şəhid ailəsi üzvləri olduğunu qeyd edib.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın həyat yoldaşı - 44 günlük Vətən müharibəsində həlak olmuş polkovnik-leytenant Nail Orucov haqqında danışıb. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyevaya isə həyat yoldaşı ilə həmişə qürur duyduğunu, onun xatirəsini həmişə uca tutacağını bildirib.
Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və dosenti Səfurə Allahverdiyeva kafedranın dosenti Gülarə Kərimovanın həyat yoldaşı - I Qarabağ müharibəsi şəhidi Aydın Manerovun döyüş və həyat yolundan söz açıblar. Bildiriblər ki, Aydın Manerov Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə tabeliyində olan əsgərləri son nəfəsinədək müdafiə edib, özü isə qəhrəmancasına şəhid olub. Çıxış edənlər həmçinin Pedaqogika kafedrasının laborantı Aysu Əmrahovanın atası şəhid Saməddin Əmrahovun Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışıblar.
Sonda şəhidlər - Aydın Manerov, Saməddin Əmrahov və Nail Orucovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tehsil-press.az











