BDU-nun şəhid məzununun ailəsi ilə görüş

BDU-nun şəhid məzununun ailəsi ilə görüş Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı və tələbələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Sosial elmlər və psixologiya fakültəsinin 2020-ci il məzunu Cavid Manafovun doğum günü ərəfəsində şəhidin ailəsini ziyarət ediblər.
Görüşdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini İranə Məmmədli, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və üzvləri iştirak ediblər. Tələbələr Cavid Manafovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Cavid Manafovun həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.
Şəhid Cavid Manafovun anası Natəvan Manafova bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.
Qeyd edək ki, əzəli torpaqlarımızın azad olunması uğrunda apardığımız 44 günlük Vətən müharibəsində BDU-nun 17 məzun və tələbəsi şəhidlik zirvəsinə ucalıb. Universitetin kollektivi şəhid tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

Tehsil-press.az



Oxşar xəbərlər