Xocalı canisi Vitali Balasanyan ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib. Qarabağdan qovulmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan 10 noyabr tarixli sənədin ləğv edilmədiyini deyib.
“Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq”, - Balasanyan bildirib.
V.Balasanyan təhlükəsizlik zəmanətləri təmin edilərsə, Qarabağa qayıtmağa hazır olduğunu deyib.
Bir daha xatırladaq ki, V.Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
“Sakitcə, gördüm ki, heç kim yoxdur, çıxıb gəldim. Qoy detallar sirr olaraq qalsın. Aidiyyəti dövlət qurumları müraciət edəndə, necə gəldiyimi deyəcəm, orada işarələrin olduğunu görəcəklər”, - deyə o, Qarabağdan necə qaçması ilə bağlı bir müddət əvvəl müsahibəsində bildirmişdi.
Balasanyan Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib.
Doğrudanmı ermənilərin Qarabağa dönüşü mümkündür və Balasanyan da “təhlükəsizlik qarantiyası” ilə Xankəndinə qayıda bilər?
Tanınmış hüquqşünas, keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli məsələnin hüquq tərəfindən diqqətçəkən faktlar açıqladı: “Keçmiş Dağlıq Qarabağın ərazisindən, o cümlədən Xankəndidən könüllü köçüb getmiş, Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməmiş, əli dinc insanların qanına bulaşmamış erməni əsilli şəxslər əvvəllər yaşadıqları yerlərə qayıda bilərlər. Bu şərtlə ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər, Azərbaycan dövlətini tanısınlar və Azərbaycan qanunlarına tabe olsunlar. Bu barədə ölkəmizin rəsmiləri dəfələrlə öz mövqelərini bildiriblər və bu çox ədalətli və haqlı yanaşmadır. Heç bir dövlət onu tanımayan, qanunlarına tabe olmayan şəxslərin öz ərazisində yaşamasına razılıq verə bilməz.
Lakin Vitali Balasanyan kimi canilər, Xocalı qətliamını törədənlər, uşaq qatilləri Azərbaycana qayıda bilməzlər. Onlar Azərbaycana əli qandallı gətirilib mühakimə olunmalıdırlar - hazırda məhkəməsi gedən cinayət ortaqları kimi.
Azərbaycanı könüllü tərk etmiş erməni əsilli şəxslərin geri qaytarılması kartından Balasanyan kimi canilər və Rusiya rəsmiləri daha çox istifadə etməyə çalışır. Rusiya bu yolla Cənubi Qafqazda təsir imkanlarını saxladığını nümayiş etdirmək istəyir. Amma 44 günlük Vətən müharibəsinin və bir günlük antiterror əməliyyatının yaratdığı geosiyasi reallıqlar başqadır. Azərbaycan artıq proseslərə təsir göstərən və diqtə edən bir dövlətə çevrilib və ermənilərin geri qaytarılması kartı ilə ölkəmizə təsir göstərmək qeyri-mümkündür.
Digər tərəfdən, Azərbaycanı könüllü tərk etmiş erməni əsilli şəxslərin geri qayıtmaq məsələsində Ermənistanın hazırkı hakimiyyəti başqa mövqedən çıxış edir. Hazırkı hakimiyyət ermənilərin yenidən Qarabağa qayıdışını regional sülh üçün təhlükə hesab edir. Həm də Ermənistana könüllü getmiş ermənilərin də mütləq əksəriyyətinin belə istəyi yoxdur. Bu yaxınlarda Ermənistanın Daxili İşlər Nazirliyi maraqlı bir statistik məlumat yaymışdı. Qarabağı tərk edən ermənilərin müəyyən hissəsi Ermənistanı tərk edərək başqa dövlətlərin ərazısində yaşamağa gediblər. Təxminən 22 minə yaxın hissəsi isə Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Bu statistika ermənilərin geri qaytarılması ilə əlaqədar Rusiya rəsmilərinin və onların Balasanyan kimi əlaltılarının bütün dünya miqyasında apardıqları siyasətin tam iflası deməkdir.
Ermənilərin geri qaytarılması ilə əlaqədar məsələdə və bəzi digər məsələlərdə 10 noyabr 2020-ci il sənədinə istinad etmək də yersizdir. Bu sənəd artıq öz əhəmiyyətini çoxdan itirib. Hazırda regional proseslər, o cümlədən sülh və təhlükəsizlik məsələləri 10 noyabr sənədi ilə deyil, 8 avqust 2025-ci il Vaşinqton bəyannaməsi ilə nizamlanır. Bu sənəddə isə Azərbaycanı könüllü tərk edərək getmış şəxslərin geri qayıdışı ilə əlaqədar hər hansı müddəa yoxdur".
“Ermənistanda hələ də revanşist düşüncələrdən əl çəkməyən, işğal dövrünün xəyalları ilə yaşayan qüvvələr mövcuddur. Onlar regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı olmayan, köhnə təfəkkürlə hərəkət edən qruplardır. Bu ünsürlər uzun illər ərzində törətdikləri müharibə cinayətlərinin və işğal siyasətinin məsuliyyətindən yayınmaq məqsədilə cəmiyyətə saxta qəhrəmanlıq obrazları təqdim etməyə çalışırlar. Lakin artıq reallıqlar dəyişib - Azərbaycan torpaqlarının işğal dövrü bitib, ədalət bərpa olunub və bölgədə yeni geosiyasi reallıq formalaşıb”.
Bu fikirləri qəzetimizə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, belə bir şəraitdə “keçmiş separatçı rejimin nümayəndələri” adlanan şəxslərin Ermənistandan yenidən boy göstərməsi, yenidən təxribatçı çağırışlar səsləndirməsi beynəlxalq hüquqa, xüsusən də dövlətlərin suverenliyinə ziddir: “Onlardan biri - separatçı qurumun sabiq "təhlükəsizlik katibi", Xocalı canisi Vitali Balasanyan da son açıqlamasında guya “geri dönüş” arzularından danışıb. Bu cani, 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatı başlayarkən, necə deyərlər, siçovul kimi qaçıb aradan çıxan ünsür yenə sərsəm fikirlər səsləndirməyə başlayıb. Öncə onu deyim ki, bu cür cəfəng bəyanatlar artıq heç kim üçün əhəmiyyət daşımır, əksinə, həmin şəxslərin hüquqi məsuliyyətini daha da ağırlaşdırır. Digər tərəfdən, Vitali Balasanyan unutmamalıdır ki, onun Azərbaycan torpaqlarına “geri dönüşü” yalnız bir yolla mümkündür - qandallı şəkildə, məhkəmə qarşısına çıxmaq üçün. O, 30 il ərzində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin, işğal dövründə həyata keçirilmiş zorakılıqların iştirakçısı və təşkilatçısı kimi məsuliyyət daşıyır. Bu məxluq Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib. Bu cinayətlərinə görə layiqli cəzasını almalıdır və alacaq".
MM-in deputatı daha sonra deyib: “Balasanyan əmin olsun ki, o da gec-tez Araik Arutyunyanla birlikdə Azərbaycanda həbsxanada oturacaq. Ermənistan hakimiyyəti bu cür revanşist qüvvələrin fəaliyyətinə qarşı prinsipial mövqe ortaya qoymalı, regionda sülh və sabitliyin bərqərar olmasına real töhfə verməlidir. Bu gün Ermənistanda revanşist ritorikanın qorunub saxlanması yalnız öz dövlətçiliyinə zərbə vurur və xalqı yeni fəlakətə aparır. Sülhün alternativi yoxdur. Sülhə qarşı çıxan hər kəs həm regionun, həm də Ermənistanın gələcəyinə zərər yetirir. Azərbaycan isə öz torpaqlarında əbədi olaraq suverenliyini möhkəmləndirib və heç bir təxribat, heç bir cinayətkar xülyası bu reallığı dəyişdirə bilməz. Noyabrın 8-də Bakıda keçirilən parad da bir daha Azərbaycanın hərbi qüdrətini sərgilədi. Belə olan halda Ermənistandan gələn hər hansı bir təxribat 10 qat artıq cavablandırılacaq”.
Tehsil-press.az








