Tasmaniya Universitetinin alimləri müəyyən ediblər ki, aşağı sosial-iqtisadi təbəqəyə aid insanlar varlı təbəqələrə nisbətən 33 faiz daha çox insult keçirir. Araşdırmanın nəticələri “Journal of Stroke and Cerebrovascular Diseases” elmi jurnalında dərc olunub.
Araşdırmaçılar 2007-2020-ci illər arasında Tasmaniya əhalisinin xəstəxanaya yerləşdirilmə və ölüm göstəricilərini əhatə edən tibbi məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, insult və digər damar xəstəliklərinin riski birbaşa sosial vəziyyətlə bağlıdır. Mütəxəssislərə görə, aşağı gəlirli insanlar arasında hipertoniya, ürək-damar xəstəlikləri, şəkərli diabet və maddələr mübadiləsi pozğunluqları daha çox müşahidə olunur. Bu qrupda həmçinin həzm və immun sisteminə aid xəstəliklər, bəzən isə gənc yaşda onkoloji problemlər də daha tez-tez qeydə alınır.
Alimlər qeyd edir ki, bu fərqin əsas səbəblərindən biri səhiyyə xidmətlərinə və profilaktik proqramlara məhdud çıxışdır. Onların fikrincə, tibbi xidmətlərə bərabər imkanların yaradılması və sosial cəhətdən həssas qruplar arasında maarifləndirmə və profilaktika tədbirlərinin artırılması, insult və digər ürək-damar xəstəliklərindən ölüm hallarını əldə olunan səviyyədə azalda bilər.
Bu nəticələr nə dərəcədə mötəbər sayıla bilər? Təcrübə nə deyir? “Varlı adamların xəstəlikləri” deyilən bir anlayış (şəkərli diabet və s.) də varmı? Ümumiyyətlə, həyat tərzi sağlamlığa necə təsir edir?
Sosial-iqtisadi vəziyyətin insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmalar göstərir ki, aşağı gəlirli təbəqələr arasında insult və ürək-damar xəstəliklərinin riski daha yüksəkdir. Bu nəticə yalnız Tasmaniya Universitetinin 2007-2020-ci illəri əhatə edən araşdırması ilə məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu səhiyyə qurumlarının tədqiqatları da eyni qənaətə gəlib.
Ümumdünya Səhiyyə Təşkilatı sosial-iqtisadi vəziyyətin sağlamlıq fərqlərinin formalaşmasında əsas amil olduğunu bildirir. Təşkilatın məlumatına görə, gəliri, təhsili və sosial imkanları məhdud olan qruplar arasında insult, ürək-damar xəstəlikləri, diabet və hipertoniya daha geniş yayılır. ÜST bu fərqləri “sağlamlığın sosial determinantları” çərçivəsində izah edir və tibbi xidmətlərə çıxış imkanlarının bərabər olmamasını əsas səbəblərdən biri kimi göstərir.
İngiltərədə aparılan geniş statistika təhlilləri də eyni tendensiyanı göstərir. Public Health England və NHS-in məlumatlarına görə, ölkənin ən yoxsul bölgələrində yaşayan insanların insult keçirmə ehtimalı varlı bölgələrlə müqayisədə dəfələrlə yüksəkdir. Bu fərqi yaradan amillər arasında qeyri-sağlam həyat tərzi, stress, keyfiyyətsiz qidalanma və profilaktik tibbi xidmətlərdən məhdud istifadə xüsusilə vurğulanır.
ABŞ-də CDC tərəfindən aparılan araşdırmalarda da sosial bərabərsizliklər insult statistikasında özünü göstərir. Tibbi sığortanın olmaması, müayinələrə gec müraciət edilməsi və kənd ərazilərində səhiyyə təminatının zəif olması aşağı gəlirli qruplarda həm insult tezliyini, həm də ölüm riskini artırır. Kanada Ürək və İnsult Fondu da eyni nəticəyə gəlir və qeyd edir ki, sosial statusu aşağı olan şəxslər arasında insult daha erkən yaşda müşahidə olunur və sağ qalma ehtimalı az olur.
Avstraliya Səhiyyə və Rifah İnstitutu və Avropa Ürək Assosiasiyası da sosial-iqtisadi vəziyyətin ürək-damar xəstəlikləri ilə bilavasitə əlaqəli olduğunu təsdiqləyir. Avropanın bir çox ölkəsində aparılan araşdırmalara əsasən, aşağı sosial qruplarda insult riski bəzən 40-60 faiz daha yüksək olur. Avstraliyada isə tibbi xidmətlərə çıxışın qeyri-bərabərliyi, sağlam qidalanmaya imkanların məhdudluğu və iş şəraitinin ağır olması bu fərqin əsas səbəbləri kimi göstərilir.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ümumiyyətlə, aşağı təbəqədə yaşayan insanların sağlamlıq problemlərinin artmasının əsas səbəblərindən biri stres faktorudur. Bu təbəqədə qidalanma səviyyəsi aşağı olur və insanların səhiyyə xidmətlərinə çıxış imkanları məhdud olur. Təbii ki, burada ilk növbədə maliyyə vəziyyəti rol oynayır. Əgər onlar vaxtında həkimə müraciət edə bilsələr və erkən diaqnoz qoyulsa, bu həm insult riskinin azalmasına, həm onkoloji xəstəliklərin qarşısının alınmasına, həm də digər xəstəliklərin vaxtında aşkarlanmasına böyük töhfə verər. Təəssüf ki, aşağı gəlirli ailələrdə yaşayan insanlar hər gün ciddi stresslə üzləşirlər: sabahı necə keçirəcəkləri, övladlarını necə dolandıracaqları, gündəlik qidalarını necə təmin edəcəkləri kimi narahatlıqlar onlarda davamlı psixoloji gərginlik yaradır. Bu stres faktoru isə öz növbəsində ürək-damar xəstəliklərinin, insultun - yəni qəfil yüksələn arterial təzyiqin - yaranmasına, beyin qan dövranı pozğunluqlarına, onkoloji xəstəliklərin inkişafına, şəkərli diabet və digər xəstəliklərin meydana çıxmasına səbəb olan əsas amillərdən biri kimi çıxış edir. Bütün bu deyilənlər statistika ilə də təsdiq olunur”.
O ki qaldı “varlı insanların xəstəlikləri” anlayışına, həkim bu məsələyə də aydınlıq gətirib: “Bəli, bu kateqoriyada da stres faktorunu xüsusi vurğulamaq lazımdır. İmkanı yüksək olan insanlar da daim müəyyən riskləri düşünmək məcburiyyətində qalırlar. Onlar sahib olduqları böyük maliyyəni necə idarə etmək, hansı biznesə yönəltmək, sərmayəni itirməmək kimi məsələlərlə məşğul olurlar. Təbii ki, burada da ciddi risklər nəzərə alınır və bütün bu proseslər güclü psixoloji gərginlik yaradır.
Bu cür insanlar həm investisiya riskləri, həm də mövcud sərvəti itirmək qorxusu səbəbindən davamlı stres yaşayırlar. Nəticə etibarilə, yüksək təbəqədə olan şəxslərdə də stres faktoru şəkərli diabetin, onkoloji xəstəliklərin və digər xroniki xəstəliklərin yaranmasına səbəb olan əsas meyarlardan biri hesab olunur. Həyat tərzinə gəldikdə isə, bu sualı cavablandırarkən bir neçə mühüm məqamı xüsusilə qeyd etmək lazımdır. Ümumiyyətlə, həyat tərzi amilləri arasında hava çirkliliyi, alkoqol istifadəsi, tütün məmulatlarından geniş istifadə kimi nüanslar insan sağlamlığına mənfi təsir göstərən əsas faktorlar hesab olunur.
Bununla yanaşı, artıq çəkinin olması, fiziki aktivliyin zəif olması, fast-food və digər zərərli qidaların geniş şəkildə qəbul edilməsi, alkoqol və tütün məhsullarından mütəmadi istifadə insan sağlamlığına əks təsir edən proseslərin başlıca səbəbləridir. Bu amillərin hər biri ayrı-ayrılıqda zərərlidir, birlikdə olduqda isə həm ürək-damar xəstəliklərinin, həm endokrin pozuntuların, həm də onkoloji xəstəliklərin yaranma riskini ciddi şəkildə artırır".
Tehsil-press.az





