Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır

Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır Müzəffər Ali Baş Komandana Türk Dünyasının Ali Ordeni təqdim olunub

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,
Əziz dövlət-hökumət başçıları,
İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti


Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.

Tehsil-press.az


Oxşar xəbərlər