İlham Əliyev Qarabağ atının alnından niyə öpdü: Qurbanquluya Şuşada verilən şifrəli mesajın və hədiyyənin anlamı - VİDEO

İlham Əliyev Qarabağ atının alnından niyə öpdü: Qurbanquluya Şuşada verilən şifrəli mesajın və hədiyyənin anlamı - VİDEO Türk törəsində at bağışlamaq sıradan bir hədiyyə deyil. Bu, siyasi məna daşıyan, ideoloji dərinliyi olan, eləcə də ruhi və tarixi kodlara bağlı bir törə mərasimidir.

Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Şuşada at bağışlaması isə sadəcə dostluq jesti yox, 25 illik diplomatik buzları əridən, Oğuz ruhunu dirçəldən, yeni bir mərhələnin başlanğıcını simvolizə edən mühüm hadisədir.

Türk etnosunda at, qılınc və övlad müqəddəs sayılır. Atını dostuna bağışlayan türkün niyyəti aydındır: “Sən mənim canımsan, sənə öz ruhumu, şöhrətimi, sərvətimi, yol yoldaşımı əta edirəm, sənə güvənirəm.”

Prezident İlham Əliyevin bağışladığı atı əvvəlcə qaşqasından öpməsi isə qədim Türk inancına görə ruhani bağın qəbulü və bu dostluğa sadiqlik andıdır.

Bu səhnə həm də Türk liderlərinin bir-birinə “qanlı, canlı” qardaşlıq əhdi verməsinin çağdaş formasına çevrildi.

Oğuz soyunun iki güclü dövləti — Azərbaycan və Türkmənistan — əsrlər boyu eyni dil, eyni mədəniyyət, eyni törədən çıxmış xalqlar olsa da, son 30 ildə münasibətlərdə sükut və ehtiyatlılıq hökm sürürdü.

Səbəblər məlumdur:

• Xəzər dənizinin hüquqi statusu və dəniz sərhədlərinin bölüşdürülməsi
• Xəzərin dibində yerləşən enerji yataqları (xüsusilə “Kəpəz/Sərdar” yatağı) üzərində mübahisələr

• Türkmənistanın beynəlxalq siyasi neytrallıq xətti, Azərbaycanın isə aktiv geopolitik gücə çevrilməsi.

Bu gərginlik uzun illər rəsmi səfərlərin və açıq əməkdaşlığın qarşısını alırdı. Lakin bu buz İlham Əliyevin çoxvektorlu, zərif və ideoloji əsaslı diplomatiyası ilə əriməyə başladı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ zəfəri, yalnız Azərbaycan torpaqlarının azadlığı deyildi.

Bu, eyni zamanda Türk dünyasının siyasi, ideoloji və coğrafi inteqrasiyasını stimullaşdıran, “Türk Evi”, "Türk Birliyi - Turan" ideyasını aktuallaşdıran qələbə oldu.
Azərbaycan indi artıq:

• Türk Dövlətləri Təşkilatının mərkəzi oyunçusudur;

• Türk enerji təhlükəsizliyinin əsas qovşağıdır;

• Zəngəzur dəhlizi ilə Orta Asiyanı və Anadolunu birləşdirən təbii körpüdür.

Bu kontekstdə at bağışlama mərasimi, bir tərəfdən siyasi barışın, qarşılıqlı etimadın simvolu, digər tərəfdən isə Türk Dünyasının birliyinə İlham Əliyev tərəfindən verilmiş ruhani and idi.

Qaşqadan öpmək — bir türk liderinin digər bir türk dövlətinə canından verdiyi sədaqət işarəsidir.

Bu öpüş, sadəcə mərasim jesti deyil, Türk birliyinə, Qızıl Alma ideyasına, ruhani və coğrafi birliyə and içməkdir.

İlham Əliyev bu mesajla Qurbanquluya deyir:

“Qardaşlığımız yalnız dillə deyil, ruhla, tarixi kodla möhkəmlənməlidir. Biz bir ailəyik. Və bu ailənin birliyi artıq rəsmi konsepsiya deyil, dövlət liderlərinin davranışında yaşayan gerçəklikdir.”

Prezident İlham Əliyevin fəaliyyəti artıq təkcə Azərbaycanın maraqları ilə məhdudlaşmır. Onun liderliyində Türk dünyasının bütövləşməsi, coğrafi və mənəvi sərhədlərinin silinməsi kimi ideoloji əsaslı bir strateji xətt aydın görünür.

Bu yolun başlanğıcı Qarabağ zəfəri ilə qoyuldu. Qarabağ yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün milli yaddaş və əcdad torpağıdır.

Məhz Qarabağın azad olunması ilə Türk Dövlətləri Təşkilatının məzmunu və təsiri dəyişdi, təsisatın formal çərçivədən çıxaraq vahid Türk ailəsinə çevrilməsi prosesi başladıldı.

Bugün artıq Şuşa — Türk dünyasının mənəvi mərkəzi, təşkilatlanma rəmzidir.

Azərbaycan Prezidenti məhz Şuşa, Ağdam, Xankəndi kimi adları, türk kimliyi daşıyan şəhərləri bir ideoloji mayak olaraq önə çıxarır və Türk dövlətlərini birləşdirən yeni dəyərlər sisteminə çevirir.

Bu, həm Oğuz, həm Qıpçaq, həm də Karluk mənşəli türk topluluklarının – fərqli bölgələrdə yaşayan, fərqli dialektlərlə danışan, amma eyni kökdən gələn türk xalqlarının bir ev, bir millət, bir şüur halına gətirilməsi cəhdidir.

İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədrinə at bağışlaması da sadəcə bir diplomatik jest deyil – bu, Türk dünyası naminə verilmiş vəfa andıdır.

Bu, “rəqəmsal əsr diplomatiyasında” ata dönməkdir — qürurla, kimliyini unutmadan.

Bu, Qızıl Alma ideyasına sədaqət andıdır — bir gün bütün Türk ellərini vahid ailə, vahid məkanda birləşdirmək istəyi və iradəsidir.

Bu, "Türk Şengeninə", Yeni Turana aparan qürurlu, təmkinli, strateji bir yürüşdür.

İlham Əliyev bu yürüşü Qarabağ üzərindən, müqəddəs torpaqların azadlığı üzərindən qurur.

Onun strategiyası yalnız coğrafiya deyil – tarix, kimlik və gələcək qurur.

Rauf ARİFOĞLU


Tehsil-press.az

Oxşar xəbərlər