BDU tələbələri transmilli cinayət hüququ üzrə beynəlxalq məhkəmə müsabiqəsinin çempionu olub
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri 24-28 noyabr 2025-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minskdə Belarus Həmkarlar İttifaqları Federasiyası, “MİTSO” Beynəlxalq Universiteti, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Qanunvericilik və Hüquqi İnformasiya Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “III Nürnberq prosesi və müasir beynəlxalq hüquq” adlı məhkəmə müsabiqəsində böyük uğura imza atıblar.
Transmilli cinayət hüququ üzrə mühüm əhəmiyyətə malik Nürnberq məhkəmələrinin yaradılmasının 80 illiyinə həsr edilən müsabiqədə Azərbaycanı təmsil edən BDU-nun “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə I kurs magistrantı Siyavuş Bağırov və III kurs bakalavr tələbəsi Aylin Kərimli müsabiqənin çempionu olub. BDU komandasının məşqçisi isə Universitetin əməkdaşı İsmət Bayramovdur.
Qeyd edək ki, müsabiqədə müxtəlif dövlətlərin nüfuzlu ali təhsil müəssisələrini təmsil edən 46-dan çox komanda iştirak edib.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
Tehsil-press.az
- Baxış: 60
Xəbərin tarixi: 01.12.2025 / 21:39
-
Oxşar xəbərlər