Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak etmək hüququ qazanmış BDU-nun Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.
F.Qurbanov dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən olan və hər il Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirakın əhəmiyyətini qeyd edərək tələbələri təbrik edib. Bildirib ki, məqsədi tələbələrdə vəkillik, hüquqi yazı və araşdırma qabiliyyəti, akademik danışıq üslubu və bu kimi digər mühüm keyfiyyətləri inkişaf etdirmək olan bu müsabiqədə iştirak həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə imkan yaradacaq.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən tələbələr “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, “Philip C. Jessup” Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır. Amerikan hüquqşünas, diplomat Philip C. Jessup-ın adını daşıyan müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib və 1968-ci ildən ətrafına dünya ölkələrinin komandalarını toplaya bilib.
Müsabiqədə hazırda 100-ə qədər ölkə 3000-ə yaxın tələbə ilə təmsil olunur.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər