BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransı öz işini başa çatdırıb

BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransı öz işini başa çatdırıb Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının konstitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransı öz işini başa çatdırıb.

Konfrans 10 bölmədə (“Azərbaycanın dövlət müstəqilliyinin bərpası. Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü”, “Milli dövlətçiliyimizin İlham Əliyev dövrü. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması”, “Azərbaycan Respublikasının Konstitusiyası - dövlətin əsas qanunudur”, “Müasir beynəlxalq hüququn inkişaf tendensiyaları”, “Əmək hüququ, mülki hüquq, mülki prosessual hüquq və kommersiya hüququnun inkişaf perspektivləri”, ”Müasir dövrdə cinayət hüququnun inkişaf istiqamətləri”, “Azərbaycan Respublikasının Konstitusiyası ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsasıdır”, “Azərbaycanın xarici siyasətinin konstitusion və suveren əsasları”, “Konstitusiya, milli təhlükəsizlik siyasəti və dövlət suverenliyinin qorunması”, “Konstitusiyanın iqtisadi sistemin və iqtisadi suverenliyin formalaşmasında rolu”) keçirilib və 140 məruzə dinlənilib.

Konfransın bölmə iclaslarında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində misilsiz xidmətləri üzrə məruzələr dinlənilib. Suveren və konstitusion idarəçiliyin Azərbaycan modelinin timsalında xalqımızın ən ali mənəvi-mədəni dəyərlərinin, hüquqlarının dövlət səviyyəsində qorunması, bu istiqamətdə ənənələrin saxlanılıb inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Azərbaycanın xarici siyasət kursunun Konstitusiya ilə müəyyən olunan prinsipləri, suverenliyin və ərazi bütövlüyünün təmin olunmasında diplomatiyanın rolu, çoxqütblü beynəlxalq sistemdə ölkəmizin mövqeyinin gücləndirilməsi istiqamətləri müzakirə edilib.

Azərbaycan Respublikasının Konstitusiyasının dövlətin suveren hüquqlarının həyata keçirilməsi, beynəlxalq hüquq normalarının milli qanunvericiliklə uzlaşdırılması, regional və qlobal təşkilatlarla əməkdaşlıq strategiyasının formalaşdırılması üçün yaratdığı hüquqi baza xüsusi vurğulanıb. Siyasi və diplomatik kommunikasiya kanallarının oxşar və fərqli cəhətləri, bu mexanizmlərin suverenliyin təşviqi və milli maraqların qorunmasında rolu elmi əsaslarla təhlil olunub. Silahlı Qüvvələrin suverenliyin tam təmin olunmasındakı funksiyası, Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti, süni intellekt və kiberməkan reallıqları fonunda insan hüquqlarının qorunmasının konstitusion təminat mexanizmləri təhlil edilib.

Postsovet məkanında konstitusiya quruculuğunun postkolonial aspektlərini, qeyri-dövlət aktorlarının fəaliyyətinin suverenlik kontekstində yaratdığı çağırışları, “Böyük Qayıdış” siyasətinin təhlükəsizlik və dövlətçilik strategiyasında xüsusi yeri olduğunu elmi müstəvidə şərh edilib.

Konstitusiyanın iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və sosial rifahın hüquqi çərçivəsi kimi əhəmiyyəti ön plana çəkilib. Məruzələrdə iqtisadi təhlükəsizlik anlayışının konstitusion məzmunu, rəqəmsal iqtisadiyyatın tənzimlənməsi, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında innovasiya və institusional islahatların rolu, təbii sərvətlərin idarə olunmasının suverenlik və uzunmüddətli inkişaf baxımından strateji önəmi təhlil olunub. İqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinin milli iqtisadi müstəqilliyə, maliyyə sabitliyinə və dövlətin suveren qərarvermə imkanlarının genişlənməsinə təsiri qeyri-neft sektorunun inkişafı, innovasiya və insan kapitalının gücləndirilməsi kimi prioritetlər fonunda təhlil edilib.

Məruzələrdə xüsusilə qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlət quruluşunun əsaslarını müəyyənləşdirən siyasi-hüquqi sənəd deyil, eyni zamanda ölkənin xarici siyasət prioritetlərini, milli təhlükəsizlik strategiyasını və iqtisadi suverenlik modelini müəyyən edən fundamental çərçivədir. Elmi çıxışlarda Konstitusiyanın müddəalarının postmünaqişə dövründə yeni reallıqlara uyğun tətbiqi, suverenliyin tam bərpasından sonra regionda formalaşan yeni siyasi-iqtisadi mühitdə Azərbaycanın rolunun daha da güclənməsi, dövlətçilik ənənələrinin müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi xüsusi vurğulanıb.

Yekunda bölmə rəhbərləri konfransın elmi nəticələrinin həm ali təhsil sistemində tədrisin məzmununun yenilənməsinə, həm də dövlət qurumlarının strateji sənədlərində konstitusion müddəaların daha səmərəli tətbiqinə töhfə verəcəyini qeyd ediblər. Konfransın məruzələri toplu şəklində nəşr olunacaq və ictimaiyyətə təqdim ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər