Şamaxı rayonu üzrə artıq 16 min hektara yaxın əkin sahəsi üzrə subsidiya almaq üçün elektron müraciət formalaşıbElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.
EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Dekabrın 5-dək ölkə üzrə taxıl səpinini başa çatdırmış 197 306 fermer öz əkinlərinin EKTİS-də bəyan edib. Fermerlər tərəfindən bəyan edilən əkin sahələrinin ümumi həcmi 539 055 hektardır.
Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.
Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.
Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.
Şamaxı rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşadırılması mexanizmləri, növbəti təsərrüfat ilindən tətbiq olunacaq əkinləri dincə qoymaq subsidiyası və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 5-dək Şamaxı rayonu üzrə 1459 fermer fermer artıq öz əkinlərini bəyan edərək subsidiya almaq üçün elektron müraciətlərini formalaşdırıblar. Rayon üzrə subsidiya almaq üçün bəyan edilən əkin ərazisi 15829 hektardır. Ümumilikdə EKTİS-ə daxil edilmiş 13165 bəyanın 12838-i payızlıq əkinlərə, 327-i isə çoxillik əkmələrə aiddir.
Fermerlərə monitorinqlər başa çatdıqdan sonra gələn ilin fevral ayından başlayaraq payızlıq əkinlərə görə subsidiyaların ödənilməsinə başlanacağı barədə məlumat verilib.
Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.
Tehsil-press.az








