Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba rayon Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Qərbi Azərbaycan İcması Gənclər Şurası və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Nazilə Hüseynova, Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında daha dolğun və məqsədyönlü şəkildə təbliğinin tarixi həqiqətlərin düzgün təqdim edilməsinə, milli kimliyin möhkəmləndirilməsinə və bölgədə baş verən proseslərlə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdiyini, gənclərin bu sahədə dövlətin həyata keçirdiyi siyasətə fəal dəstək göstərməsinin əhəmiyyətini, həmçinin onların təşəbbüskarlığının və ictimai fəallığının artırılmasının qarşıya qoyulan hədəflərin reallaşdırılmasında xüsusi rol oynadığını vurğulayıblar.
Quba Olimpiya İdman Kompleksində dekabrın 7-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən film nümayiş olunacaq.
Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.
Tehsil-press.az











