Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı” Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin silsilə seminarları davam edir. Layihənin üçüncü qonağı BDU məzunu, Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama Struktur Biologiyası qrupunun rəhbəri, Əməkdar elm xadimi Qərib Mürşüdov olub. O, tələbələrə “Bayes statistikasının struktur biologiyada tətbiqi - ümumi baxış” mövzusunda seminar keçib.

BDU rektoru Elçin Babayev Universitetin hər zaman öz tələbə və məzunları ilə fəxr etdiyini bildirib. O, BDU-nun Məzunlar Cəmiyyətinin formalaşdırılması prosesinin demək olar ki, başa çatdığını qeyd edib. Universitet məzunlarının BDU-nun inkişafında yaxından iştirak edəcəklərini, onların Vətən qarşısında xidmətlərinin alqışa layiq olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, professor Qərib Mürşüdov bioinformatika, zülalların üçölçülü quruluşlarının öyrənilməsi sahəsindəki tədqiqatları ilə nəinki BDU-nun, Azərbaycanın fəxrinə çevrilib. Məhz bu xidmətlərinə görə tanınmış alim 2022-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Sonra söz qonağa verilib. Professor Qərib Mürşüdov təqdimatında struktur biologiya, Bayes teoremi, zülalların öyrənmə mərhələləri haqqında məlumat verib. Bu elm sahəsinin bioloji prosesləri, zülalların və molekulların quruluşunu öyrəndiyini deyib. O diqqətə çatdırıb ki, zülallar orqanizmdə olan proseslərin hər mərhələsində iştirak edir. Ona görə də zülalların üçölçülü quruluşlarının öyrənilməsi fundamental bioloji proseslərin başa düşülməsinə kömək edir. Bu isə öz növbəsində xəstəliklərlə mübarizə aparmaq üçün dərmanların hazırlanmasında istifadə oluna bilər. Tanınmış alim daha sonra süni zəkadan istifadə edərək zülal quruluşlarının öyrənilməsinin mövcud durumu və perspektivləri barədə fikirlərini bölüşüb. O, struktur biologiyanın geniş perspektivlərə malik olduğunu, gələcəkdə daha sürətlə inkişaf edəcəyini deyib. Hesablama struktur biologiyasında müasir üsulların inkişafına, Azərbaycandakı gənclərin bir hissəsini bu elmi istiqamətə yönəltməyə böyük ehtiyac olduğunu vurğulayıb.

Sonda qonaq tələbə və əməkdaşların suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər