Həmrəylikdən zəhərlənmə

Həmrəylikdən zəhərlənmə Mirzə Cəlilin “Sirkə” adlı felyetonunda 3-4 nəfər ədib balıq alıb yemək istəyirlər, mübahisə edirlər ki, ana dilimizdə “balıq” demək düzgündür, yoxsa “balıx”. Klassiklər belədir, həmişəyaşar olurlar. Məsələn, Neftçala icra başçısının plaş teması ortaya çıxanda dəyərli oxucumuz Vüsal müəllim məktub yolladı, deyir bu temada Qoqolun “Şinel” əsəri tipdə nəsə yazmaq lazımdır.

Milli Məclisin çətiri altında ana dili müzakirələrimizin doğurduğu nəticələr təxminən “Sirkə” hekayəti istiqamətində gedir. Anar-Zərdabi heykəl münaqişəsindən artıq bəhs etmişik, indi isə Vətəndaş Həmrəyliyi Partiyasında həmrəylik əldən getməkdədir. Sən demə ana dili temasında iclasda deputat Rafael Hüseynov VHP sədri Sabir Rüstəmxanlının sözünü kəsmişdir. Deyib 3 dəqiqə reqlament var, artıq danışma.

İşin gülməli tərəfi isə odur ki, sən demə Rafael müəllim Milli Məclisdə elə... Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edirmiş! Ona görə VHP üzvləri qəzəblənib iclas çağırmış, Rafael müəllimə töhmət elan etmişlər. Dünən mən bu cızmaqaranı edən anlarda siyasi kuluarlarda (o qədər geopolitik dəhlizlərdən bəhs edirik, bu termin artıq yadımızdan çıxmaqdadır) şaiyələr dolaşırdı, deyirdilər bəlkə də Rafael müəllim istefa verəcəkdir. Beləliklə parlamentdə müxalifət partiyaları fraksiyasının sayı azalacaqdır.

Çox qorxulu vəziyyətdir. Yeni seçkilər çağırmaq lazım gələr.

Nəticədə Rafael müəllim özü də hansı partiyanın üzvü olduğunu öyrənmiş oldu. Hər ziyanda bir xeyir vardır. Ana dili müzakirələri davam eləsə bəlkə ətin qiyməti düşər.

Bəzi prosedurlara zaman lazımdır. Məsələn, Ramiz müəllim “fıs” çıxan ilk günlərdə AMEA prezidenti İsa Həbibbəyli arxivlərindən onun barəsində oxuduğu mədhiyyələri silməklə məşğul idi, ona görə münasibət öyrənə bilməmişdilər. Az sonra bir az rahatlaşdı, bəyan etdi ki, biz Ramiz Mehdiyevin barəsində məhkəmə hökmünü gözləyirik, ondan sonra dərhal akademiklikdən qovacağıq. Dünən isə İsa müəllimin mətin mübarizəsi kulminasiya nöqtəsinə çatıb. Sitat: “Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə akademiyada baxılacaq və lazım olan qərar qəbul ediləcək”. Bəs məhkəmə qərarı gözləyirdiniz, o nə oldu?

Yeri gəlmişkən, bizim AMEA əslində tarixən dövlətçiliyə qarşı ekstremist ünsürlərin oylağı olmuşdur. Meydan hərəkatı vaxtı AXC-ni yaradanlar AMEA institutlarının elmi işçiləri idi və Sovet dövlətini yıxmaq fikrinə düşmüşdülər. Ondan sonra müstəqillik dövründə AMEA prezidenti Eldar Salayev Rəsul Quliyevin vədlərinə aldanıb tora və hətta bir-iki aylıq zindana da düşmüşdü. Yəni, bizim alimlər həmişə siyasiləşiblər, hökumətin və ya müxalifətin əlində oyuncaq kimi istifadə ediliblər. Elmlə məşğul olmayıblar, ya da onlara bu imkan verilməyib - hansını istəsəniz səsə qoyaq, qərar çıxaraq. Demokratiya şəraitində yaşayırıq. Hələ üstəlik vətəndaş həmrəyliyimiz var (bax: yuxarı), ortaq qərara gəlməyimiz çətinlik yaratmaz.

Mirzə Cəlilin adını çəkdiyim əsərində ədiblər balıqla yemək üçün bazardan sirkə alırdılar, lakin başları ana dili mübahisəsinə qarışdığı üçün sirkənin heç ağzı açılmırdı, süfrədə qalırdı. Doğrusu, balığı sirkə ilə yemək olurmuş, bunu mən ilk dəfə o hekayədən öyrənmişdim. Yəqin yüz il qabaq belə mətbəx ənənəsi olub. İndi əsasən narşərab istifadə edilir. Bu tip mövzular kimsə yeməkdən zəhərlənəndə də ortaya çıxır. Təzəlikcə Gəncədə 8 uşaq dönərdən zəhərlənmişdi, dönərxana sahibi belə maraqlı açıqlama verdi: “Günah özlərindədir, dönəri gərək alandan sonra yarım saat ərzində yeyəsən, bunlar isə çox saxlayıb”. Sual ortaya çıxdı ki, dönərin saxlama müddəti nə qədərdir. Bu haqda Qida Təhlükəsizliyi Agentliyinin 2024-cü ildə çıxardığı 49 saylı “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” haqda qərar var. Orda “Bişmiş dönərin hazırlandığı andan etibarən istehlak müddəti ən çoxu 1 saatdır” yazılıb. Amma elə onun böyründə də “Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır” cümləsini yazıblar. Necə ola bilər ki, əti açıq havada çiy vəziyyətdə 12 saat, bişmiş 1 saat saxlamaq mümkün olsun? Tərsinə olmalı deyilmi? İndi gəl bundan bir şey anla.

Yazdıq axı, ana dili problemi var.

Tehsil-press.az

Oxşar xəbərlər