Pakistanın yeni sualtı qayığı suya endirildi

Pakistanın yeni sualtı qayığı suya endirildi Pakistan üçün Çində istehsal edilən dördüncü “Hangor” sinfinə məxsus sualtı qayıq suya buraxılıb.

Pakistan Hərbi Dəniz Qüvvələri üçün Çində inşa edilən dördüncü və son “Hangor” sinfinə məxsus sualtı qayıq Çinin Hubey əyalətinin Uhan şəhərində dənizə endirilib.

“Ghazi” adlandırılan dördüncü “Hangor” sinfinə məxsus sualtı qayığın suya buraxılması ilə Pakistan Hərbi Dəniz Qüvvələri daha bir mühüm mərhələyə çatıb. Çində inşası aparılan dörd sualtı qayığın hamısı hazırda intensiv dəniz sınaqlarından keçir və Pakistana təhvil verilmənin son mərhələsindədir.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf noyabr ayında “Global Times” qəzetinə verdiyi açıqlamada bildirib ki, Çin-Pakistan əməkdaşlıq layihəsi çərçivəsində “Hangor” sinfinə məxsus sualtı qayıqların ilk partiyasının 2026-cı ildə Pakistan Hərbi Dəniz Qüvvələrində əməliyyat xidmətinə qəbul ediləcəyi gözlənilir.

Yerli mənbələrə görə Pakistan texniki imkanlarını inkişaf etdirmək məqsədilə 2015-ci ildə Çinlə 8 ədəd “Hangor” sinfinə məxsus konvensional sualtı qayığın tədarükü üzrə müqavilə imzalayıb. Sualtı qayıqların ilk dördü Çin tərəfindən, qalanları isə Pakistanın Karaçi gəmiqayırma zavodunda istehsal ediləcək. Plana əsasən, Pakistan 2028-ci ilə qədər 8 ədəd qabaqcıl sualtı qayığa sahib olacaq. İlk “Hangor” sinfinə məxsus sualtı qayıq 2024-cü ilin aprelində Çində suya endirilib, ikinci və üçüncü sualtı qayıqlar isə bu il ardıcıl olaraq dənizə buraxılıb. Admiral Əşrəf Çin-Pakistan əməkdaşlıq layihəsini yüksək qiymətləndirərək bunun iki ölkə arasında peşəkarlığı və yaxın dəniz texnikası əməkdaşlığını əks etdirdiyini qeyd edib. Bu layihə Çin və Pakistan arasında həyata keçirilən müdafiə proqramlarından yalnız biridir. Məsələn, avqust ayında Pakistan ordusu Çin istehsalı olan Z-10ME hücum helikopterlərini inventarına daxil edib.

“Naval News” nəşrinin məlumatına görə, “Hangor” sinfinə məxsus sualtı qayıqlar Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin “Type 039B Yuan” sinfinə məxsus sualtı qayıqlarının ixrac versiyasıdır. İlkin plana əsasən 2022-2028-ci illər arasında 8 sualtı qayığın təhvil verilməsi nəzərdə tutulurdu. Proqramın baş direktoru 2016-cı ilin avqustunda açıqlamışdı ki, bu sualtı qayıqlardan ilk dördü 2022-2023-cü illərdə, son dördü isə 2028-ci ildə təhvil veriləcək. Lakin ilk sualtı qayığın 2024-cü ildə suya endirilməsi proqramda müəyyən gecikmələrin olduğunu göstərir.

Pakistanın müdafiə bloqu “Quwa”nın məlumatına görə, “Hangor” sinfinə məxsus sualtı qayıqların uzunluğu 76 metr, subasıçı qabiliyyəti isə 2800 ton olacaq. Bu o deməkdir ki, Pakistanın yeni sualtı qayıqları orijinal dizayndan bir qədər qısa, lakin daha ağır olacaq. Hazırda Pakistan Hərbi Dəniz Qüvvələri 3 ədəd “Agosta 90B” havadan asılı olmayan hərəkət sisteminə malik sualtı qayığı və 2 ədəd “Agosta 70” dizel-elektrik sualtı qayığını istismar edir. “Agosta 90B” sinfinə məxsus 3 sualtı qayıq 2016-cı ildə STM şirkəti ilə imzalanmış müqavilə çərçivəsində orta istismar müddəti modernləşdirməsindən keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər