Öz zəngin təcrübəsini cavan həmkarları ilə səxavətlə bölüşürdü

Öz zəngin təcrübəsini cavan həmkarları ilə səxavətlə bölüşürdü Masallı rayonunun qədim tarixə və ən çox əhali sayına malik yaşayış məskənlərindən biri olan Ərkivan qəsəbəsi həm də Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyat və incəsənətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Masallının “Şərəf Kitabı”na adını yazdırmış nüfuzlu ərkivanlılardan biri də haqqında söz açdığım Fikrət Abiyevdir.

Fikrət Abiyev 20 noyabr 1951-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 1973 - cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir və elə həmin ildən Universitetin Bədən tərbiyəsi tarixi və təşkili kafedrasında müəllim kimi işləyib.

Fikrət müəllim nümunəvi fəaliyyəti ilə seçilib və əməyi bir çox təltiflərlə mükafatlandırılıb. 1981-ci ildən təhsil sahəsində bir çox uğurlar əldə etmişdir. 2018-ci ildə Masallı Dövlət Regional Kollecində işləmişdir.

Öz zəngin təcrübəsini cavan həmkarları ilə səxavətlə bölüşürdü


O, həm pedaqoq, həm də məşqşi kimi tələbə gənclərin hörmətini, rəğbətini qazanmışdır. Xeyli vaxtdır pensiyaya çıxmasına baxmayaraq, əvvəl işlədiyi müəssisələrdən ona müraciət edən cavan həmkarları ilə öz zəngin təcrübəsini həvəslə bölüşür, sorağı xarici ölkələrdən gələn yetirmələrindən köməkliyini əsirgəmirdi.

Fikrət müəllim həmişə deyirdi ki, gənc nəslin idmanı və bədən tərbiyəsi strateji əhəmiyyət daşıyır: “İdman ilk növbədə insanın sağlamlığına və fiziki imkanlarının yüksəlməsinə kömək edir. Sağlam bədəndə həm də sağlam ruh olur. Bu gün idmançılarımız beynəlxalq arenalarda keçirilən mötəbər yarışlarda qələbələr qazanır, Azərbaycanın dövlət bayrağını ucaldır, himnimizi səsləndirirlər”.

F.Abiyev taleyindən çox razı idi ki, ömrünün payız çağında torpaqlarımızın işğaldan azad olunduğunu görmək ona qismət olub: “Azərbaycan dövləti öz indiyəqədərki tarixinin ən güclü dövrünü yaşayır. Ərazi bütövlüyümüz, suverenliyimiz tam pərpa olunub. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, haqq savaşında şəhid verməsin. Eləcə də Masallıdan, Ərkivandan, mənim işlədiyim təhsil müəssisələrinin məzunları, tələbələri sırasından canını fəda edən oğullar var. Onların vətənpərvərlik ruhunda tərbiyəsində az-çox xidmətim olubsa, özümü xoşbəxt sayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Allah Fikrət müəllimə rəhmət eləsin. Onun əziz xatirəsini qədirbilən ərkivanlılar, dostları və tələbələri daim qəlblərinin ən isti guşəsində saxlayacaqlar.

Əkbər Hüseynzade


Tehsil-press.az

Oxşar xəbərlər