Şəxsin həbs edilməsi cəmiyyətdə tez-tez müzakirə olunan bir sualı aktuallaşdırır.Bu halda onun bank qarşısındakı kredit öhdəlikləri hansı taleyi yaşayır? Kredit borcu dondurula bilərmi, yoxsa ödəniş məsuliyyəti başqa şəxslərin üzərinə düşür?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericilikdə həbs faktına görə kredit borcunun məcburi dondurulmasını nəzərdə tutan ümumi norma yoxdur. Onun sözlərinə görə, banklar belə hallarda əsasən müqavilə şərtlərinə və alternativ mexanizmlərə istinad edirlər.
“Əgər borcalan rəsmi nikahdadırsa və kredit ailə təsərrüfatına xərclənibsə, həmçinin həyat yoldaşının bundan xəbəri olubsa, bank ödəniş tələbi ilə həyat yoldaşına müraciət edə bilər. Lakin bu halda da bankın tələbi sübutlara əsaslanmalıdır”.
Əkrəm Həsənovun sözlərinə görə, kredit müqaviləsində zamin varsa, məsuliyyət birbaşa zaminin üzərinə düşür.
“Zaminlik edən şəxs bilməlidir ki, bank qarşısında borcalanla eyni hüquq və öhdəlikləri daşıyır. Borcalan ödəniş etmədikdə, bank borcu birbaşa zamindən tələb etmək hüququna malikdir”, – deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, praktikada banklar tez-tez faizlərin artmasının qarşısını almaq üçün alternativ yol təklif edirlər. Belə ki, mövcud borcun bağlanması məqsədilə yeni kredit müqaviləsi tərtib olunur, yeni ödəniş qrafiki müəyyən edilir və bu dəfə borclu kimi başqa şəxs, məsələn, həyat yoldaşı və ya zamin çıxış edir.
Nəticə olaraq, mütəxəssis bildirir ki, həbs faktı kredit borcunun avtomatik dondurulması üçün əsas sayılmır və hər bir vəziyyət bankla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq fərdi qaydada həll edilir.
Tehsil-press.az














