Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının isə bir tayı yoxdur...

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının isə bir tayı yoxdur... Yanvarın 9-u Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyitinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.

Mərhumun ölümü ətrafında yaranan ziddiyyətli detallar istintaq üçün suallar doğurub. Belə ki, həmin gün onun meyiti sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında aşkar edilib. Hadisə ilə bağlı yayılan məlumatlar isə bir-birini təkzib edir. İlkin diqqətçəkən detallardan biri onun ayaqqabılarından birinin tapılmaması olub. Bu fakt hadisənin adi bədbəxt hadisə olmadığı ehtimallarını gücləndirib.

Daha sonra istintaq zamanı daha bir müəmmalı məqam üzə çıxıb. İstintaqçılar ayaqqabının itmiş bir tayını axtardıqları vaxt Kamal Atakişiyevin papağı kəndin başqa bir küçəsində tapılıb. Papağın həmin əraziyə necə düşdüyü indiyədək naməlum olaraq qalır. Daha da maraqlısı odur ki, papağın aşkar edildiyi ərazidə aparılan axtarışlara baxmayaraq, ayaqqabının itmiş bir tayına rast gəlinməyib. Bu uyğunsuzluq hadisə ilə bağlı sualları daha da artırır. Əgər papaq K.Atakişiyevin başından düşübsə, onun niyə yerdən götürmədiyi, hansı vəziyyətdə olduğu və həmin anlarda nə baş verdiyi hələ də cavabsızdır.

Ayaqqabının bir tayının itməsi istintaq üçün təsadüfi detal deyil. Belə hallarda ayaqqabının tapıldığı yer çox vaxt hadisənin real baş verdiyi məkanı müəyyən etməyə imkan verir. Əgər mərhum hansısa ərazidə kiminləsə mübahisə edib, fiziki qarşıdurma yaşayıbsa, ayaqqabının məhz həmin məkanda qalması ehtimalı yüksəkdir. Bu məqam isə Kamal Atakişiyevin başqa bir məkanda öldürülməsi, meyitinin isə sonradan işlədiyi daş karxanasının ərazisinə atılması ehtimalını gündəmə gətirir.

Qarşıdurma, sürüklənmə və ya məcburi daşınma zamanı ayaqqabının çıxması kriminal təcrübədə tez-tez rast gəlinən hallardandır. Papağın bir küçədə, meyitin isə tamam başqa ərazidə tapılması hadisənin bir məkanda deyil, bir neçə nöqtədə baş verdiyi ehtimalını gücləndirir.

Yerli sakinlər arasında da K.Atakişiyevin meyitinin karxana ərazisinə sonradan atıldığı iddiaları dolaşır. Lakin bu iddiaları təsdiqləyən və ya təkzib edən rəsmi açıqlama hələlik yoxdur. Mərhumu tanıyanların bildirdiyinə görə, Kamal Atakişiyev Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, “KamAZ” maşınlarına daş yükləməklə məşğul olub. Qohumları ilə birlikdə gecə saatlarında 7-8 yük maşınına daş yüklədiyi, hər fəhləyə 40-50 manat qazanc düşdüyü deyilir. Gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə dolanan biri kimi tanınıb.

Hazırda Kamal Atakişiyevin meyiti ekspertiza üçün Xəzər rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. İstintaqın cavablandırmalı olduğu əsas sual isə hələ açıq qalır - Kamal Atakişiyev harada və hansı şəraitdə həyatını itirib?

Tehsil-press.az

Oxşar xəbərlər