Ərzaq qiymətləri niyə durmadan artır? – Azərbaycanda bahalaşmanın GİZLİ SƏBƏBLƏRİ

Ərzaq qiymətləri niyə durmadan artır? – Azərbaycanda bahalaşmanın GİZLİ SƏBƏBLƏRİ 2025-ci ilin müxtəlif aylarında Azərbaycanda ümumi istehlak qiymətləri və xüsusilə ərzaq qrupu üzrə qiymətlər sabit şəkildə yüksək olub. Məsələn, 2025-ci ilin mart ayında qida məhsullarının illik qiymət artımı təxminən 6,5 faiz, iyun ayında isə 7,0 faiz səviyyəsində qeydə alınıb. Dövlət Statistika Komitəsinin aylıq hesabatlarında da 2025-ci il ərzində “qida məhsulları, içkilər və tütün” qrupunun ümumi inflyasiyanın əsas mənbəyi olduğu bildirilir. Ən çox bahalaşma müşahidə olunan məhsullar sırasında çörək və un məmulatları, makaron, bitki yağları, kərə yağı və digər yağ məhsulları, süd və süd məhsulları, xüsusilə quru süd, yumurta, müxtəlif tərəvəzlər – pomidor, xiyar, kartof, soğan, sarımsaq, eləcə də bəzi meyvələr – sitruslar, alma, armud yer alır. Bundan başqa, ət və balıq məhsulları, qəhvə və şokolad da qiymət artımı ilə seçilən məhsullar sırasındadır. Siyahı aylar üzrə müəyyən qədər dəyişsə də, bu kateqoriyalar ən çox adı çəkilən məhsullar olaraq qalır. Xüsusilə qarabaşaq yarması, mal və qoyun əti, mal əti konservləri, balıq, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, yerkökü, kartof və şokolad ən çox bahalaşan qida məhsulları sırasında göstərilir.

Maraqlıdır ki, inkişaf etmiş ölkələrdə əhalinin istehlak xərclərində ərzağın payı adətən 8–10 faiz civarında olur. Bəzi ölkələrdə bu göstərici nisbətən yüksək olsa da, yenə də ümumi xərclərdə dominant mövqe tutmur. Məsələn, inflyasiyanın yüksək olduğu Türkiyədə ev təsərrüfatlarının istehlak xərclərinin 22,8 faizi qida və alkoqolsuz içkilərə yönəlir. Gəlir səviyyəsi artdıqca bu nisbət ciddi şəkildə dəyişir: ən aşağı gəlir qrupunda ərzaq xərcləri ümumi istehlak xərclərinin 36,6 faizini, ən yüksək gəlir qrupunda isə 14,5 faizini təşkil edir. Ümumilikdə, Türkiyədə qida xərcləri ikinci ən böyük istehlak kateqoriyasıdır, ən böyük xərc maddəsi isə mənzil və kirayə ilə bağlı xərclərdir.

Məsələ ilə bağlı danışan sosioloq Elçin Bayramlı bildirib ki, son illərdə Azərbaycanda ərzaq məhsullarının qiymətləri davamlı olaraq artır. Onun sözlərinə görə, bunun səbəbləri həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici faktorlar sırasında quraqlıq, iqlim dəyişiklikləri və dünya bazarlarında qiymətlərin artması dayanır. Daxili səbəblərə isə korrupsiya, monopoliya, planlaşdırma problemləri və yerli istehsalın aşağı səviyyəsi daxildir. Ekspert qeyd edib ki, ölkədə kənd təsərrüfatı əhalinin tələbatının yalnız təxminən 50 faizini ödəyir, bəzi məhsullarda isə bu göstərici 70–80 faizə çatır. Nəticədə ərzaq idxalından asılılıq artır və qiymətlər yüksəlir. Bununla yanaşı, su təminatı problemləri, bazarlama sistemində mövcud qüsurlar və məhsulların bazara düzgün çıxarılmaması da əlavə çətinliklər yaradır, fermerlərin gəlirlərini azaldır.

Elçin Bayramlı vurğulayıb ki, yerli istehsalın inkişafı üçün dövlət tərəfindən kompleks proqram qəbul edilməli, daimi kənd təsərrüfatı yarmarkaları təşkil olunmalı, fermerlərə subsidiyalar, güzəştli kreditlər və bazara çıxış imkanları təmin edilməlidir. Onun fikrincə, effektiv aqrar siyasət nəticəsində məhsul bolluğu artar, qiymətlər stabilləşər, idxaldan asılılıq azalaraq bölgələrdə yeni iş imkanları yaranar və ümumi sosial rifah yüksələr. Ekspert hesab edir ki, Azərbaycan böyük aqrar potensiala malikdir və ölkə tam şəkildə özünü ərzaqla təmin edə bilər. Bunun üçün aqrar sektorun səmərəli idarə olunması, müasir texnologiyaların tətbiqi, yerli toxumçuluğun inkişafı və dövlətin uzunmüddətli, ardıcıl strategiyası əsas şərtlərdir.

Tehsil-press.az

Oxşar xəbərlər