Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.
Onun sözlərinə görə uşaqlıq dövründə immun sistemi hələ tam formalaşmadığı üçün onlar virus və bakterial infeksiyalara daha həssas olurlar: “Peyvəndlər bu infeksiyalara qarşı immunitet yaradaraq uşaqları təhlükəli xəstəliklərdən qoruyur. Peyvənd vasitəsilə uşaq xəstələnmir və ya xəstəliyi çox yüngül keçir. Qızılca, məxmərək, poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısının alınmasında peyvəndlərin rolu böyükdür. Bundan əlavə, peyvəndlər kollektiv immunitetin formalaşmasına kömək edir. Bu, peyvənd oluna bilməyən körpələrin və xroniki xəstəliyi olan uşaqların da qorunmasını təmin edir. Peyvəndlər sayəsində uşaqlar daha az xəstələnir, məktəbə davamiyyət artır və sağlam cəmiyyət formalaşır”.
Pediatr qeyd edib ki, nəticə olaraq, peyvəndlər uşaqları ağır fəsadlardan, əlillik riskindən qoruyan ən etibarlı və effektiv sağlamlıq tədbirlərindən biridir: “Qeyd etmək isterdim ki, peyvəndlər uzun illər aparılan elmi araşdırmalar nəticəsində hazırlanır və ciddi nəzarət altında tətbiq olunur. Yüngül qızdırma və ya inyeksiya yerində ağrı kimi hallar müvəqqətidir və təhlükə yaratmır. Peyvənd olunmamağın riski isə bundan qat-qat böyükdür. Uşaqlarımızın sağlamlığı bizim məsuliyyətimizdir. Onları vaxtında peyvənd etdirməklə biz yalnız bu günü deyil, onların gələcəyini də qorumuş oluruq. Sağlam uşaq — sağlam ailə, sağlam cəmiyyət deməkdir”.
S.Cəfərova sonda valideynlərə müraciət edərək bildirib ki, peyvənd cədvəlinə diqqətlə yanaşmalı, sualları yarandıqda həkimə müraciət edərək və sağlam gələcək naminə doğru qərarlar verməklə övladlarını xəstəliklərdən qorumuş olacaqlar: “Bü mövsüm üçün Səhiyyə Nazirliyi tərəfindən təhlükəsiz və yüksək keyfiyyətli qrip əlehinə vaksinlər Azərbaycana gətirilib və vaksinasiyaya ötən ilin oktyabr ayından etibarən başlanılıb. Qripə qarşı peyvənd bütün yaşayış üzrə ambulator poliklinik xidmət göstərən müəssisələrdə ödənişsiz şəkildə aparılır”.
Tehsil-press.az










