Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsindən olan üzvləri üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-də infossessiya keçirilib.Tələbələr AzTV, Mədəniyyət TV və İdman TV-nin xəbər xidmətləri və studiyaları ilə tanış olublar. Xəbərlər studiyasının direktor müavini Ramilə İsayeva onlara xəbərlərin, müxtəlif verilişlərin efirə hazırlanması, təqdimatı, televiziyada iş prinsiplərini əyani şəkildə göstərib. Tələbələr AzTV-nin “Qızıl fond”unun rəqəmsallaşma mərkəzi ilə də tanış olublar. Videokino materiallar şöbəsinin rəisi Fatma Rzaqulu qızı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə yaradılan mərkəzdə “Qızıl fond”a daxil olan materiallar üzərində rəqəmsallaşdırma, rəng korreksiyası və səs bərpası kimi proseslərin aparılması barəsində məlumat verib.
Sonra Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis, AzTV-nin Teleredio Akademiyasının müəllimi Sevda Ağazadə tələbələr üçün ustad dərsi keçib. Qeyd edib ki, 70 illik böyük tarixə və zəngin inkişaf yoluna malik Azərbaycan Dövlət Televiziyası onillər ərzində fasiləsiz informasiya axınına, dilimizin və mədəniyyətimizin inkişafına öz əvəzsiz töhfəsini verib. Bu il Azərbaycan radiosu 100, televiziyası ilə 70 illiyini qeyd edir: “Ölkəmizdə böyük jurnalist nəslinin yetişməsində əsas rol oynayan BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin belə əlamətdar zaman kəsiyində doğma televiziyamıza ziyarəti və marağı böyük ümidlər doğurur”.
Sonda tələbələrin televiziyanın fəaliyyətinə dair sualları cavablandırılıb.
Tehsil-press.az






