“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxsləri yenidən təşkil ediləcək.Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil ediləcək.
Müəyyən edilib ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir.
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.
Həmçinin “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir.
Nazirlər Kabineti bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində və Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik və Mərkəz İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin və Mərkəzin yenidən təşkilinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Agentliyin və Mərkəzin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
Tehsil-press.az









