“İRANDA HAKİMİYYƏT FAKTİKİ OLARAQ PARÇALANIB” – “SEPAH KQB-nin yenidənqurma briqadirlərini xatırladır...”

“İRANDA HAKİMİYYƏT FAKTİKİ OLARAQ PARÇALANIB” – “SEPAH KQB-nin yenidənqurma briqadirlərini xatırladır...” “İranda mövcud siyasi vəziyyət ölkə daxilində hakimiyyət strukturlarının parçalanmasını göstərir”.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Keçmiş nazir qeyd edib ki, hazırkı mərhələdə İranda xüsusilə konstitusion hakimiyyət institutları faktiki olaraq idarəetmə imkanlarını itiriblər. Məlumat sızmaları nəticəsində hakimiyyətin ali strukturları arasında koordinasiya və qarşılıqlı fəaliyyət demək olar ki, iflic vəziyyətinə düşüb. “Bu gün artıq aydın görünür ki, İranda hakimiyyət parçalanıb. Hələlik güc blokunda vəziyyətin necə olduğu barədə qəti fikir söyləmək çətindir. Lakin konstitusion hakimiyyət strukturları faktiki olaraq bütün idarəetmə rıçaqlarını, qarşılıqlı əlaqə və koordinasiya imkanlarını itiriblər”, – o bildirib.

Sabiq XİN rəhbəri vurğulayıb ki, yüksək səviyyəli toplantıların keçirilməsi belə təhlükəli hala gəlib. İclasların keçirildiyi məkanlar barədə məlumatların sızması ölümcül nəticələrə səbəb olduğundan rəhbərlik səviyyəsində belə toplantıların təşkili demək olar ki, mümkünsüzdür.

“Ali rəhbərliyin iclas yerləri ilə bağlı ölümcül informasiya sızmalarından sonra vəziyyət o həddə çatıb ki, artıq bir yerə toplaşıb vəziyyəti müzakirə etmək belə çətinləşib. Rabitə vasitələrindən istifadə də təhlükəlidir – çünki bu, məkanın müəyyənləşdirilməsi və ölümcül nəticələrlə gətirə bilər”, – T.Zülfüqarov qeyd edib.

Keçmiş nazir hesab edir ki, hazırkı mərhələdə ölkədə əsas rol İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən oynanır. Bu struktur müəyyən mənada vaxtilə Sovet İttifaqı Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) SSRİ-də “yenidənqurma dövründə” oynadığı rola bənzər funksiyanı icra edir. “SEPAH hazırda müəyyən mənada vaxtilə KQB-nin SSRİ-də oynadığı rola bənzər şəkildə “İranın yenidənqurmasının briqadirləri” roluna çıxır. Onlar vətənpərvərlik şüarları altında, regional tərəfdarlarından istifadə etməklə ‘nə qədər pis olsa, bir o qədər yaxşıdır’ prinsipinə uyğun vəziyyət formalaşdırırlar”, – sabiq nazir bildirib.

Tofiq Zülfüqarov əlavə edib ki, SEPAH-ın bəzi addımları regionda müharibənin genişlənməsinə gətirib çıxara bilər. Onun fikrincə, bu addımlar xüsusilə Fars körfəzi ölkələrinin və Səudiyyə Ərəbistanının münaqişəyə cəlb olunması riskini artırır.

“Onların addımlarını başqa necə qiymətləndirmək olar ki, Fars körfəzi ölkələrini və Səudiyyə Ərəbistanını hərbi əməliyyatlara cəlb etməyə yönəlmiş addımlar atılır? Bu ölkələrin sərəncamında ümumilikdə 600-dən çox müasir zərbə təyyarəsi var”, – o bildirib.

Sabiq diplomatın sözlərinə görə, regionda gərginliyin artırılmasına yönəlmiş addımlar Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı təxribat risklərini də gündəmə gətirir.

T.Zülfüqarov bu vəziyyəti məşhur bir ifadə ilə müqayisə edib: “Belə bir sual yaranır: köhnə bir lətifədə deyildiyi kimi – onlar ovçunun dostudur, yoxsa ayının?”

O həmçinin qeyd edib ki, bəzi İsrail informasiya mənbələrində İran rəhbərliyinin toplantı yerləri barədə məlumat ötürdüyü iddia olunan bir generalın artıq İsraildə olduğu barədə xəbərlər yayılıb. Lakin bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər