Bakı Dövlət Universitetində (BDU) Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası çərçivəsində müvafiq ixtisaslaşmalar üzrə formalaşdırılmış Akkreditasiya komissiyalarının sahə səfəri başlayıb. Akkreditasiya prosedurlarına uyğun olaraq, magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı üzrə beynəlxalq ekspert komissiyaları tədris prosesinin və fəaliyyətlərin yerində qiymətləndirilməsini aparmaq məqsədilə Universitetdə fəaliyyətə başlayıblar.İQAA-nın nümayəndələri ilə BDU-nun rəhbərliyi və struktur bölmə rəhbərləri arasında görüş keçirilib. Görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetin son illərdə əldə etdiyi nailiyyətlər və keyfiyyət təminatı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov isə Universitetdə daxili və xarici keyfiyyət təminatı sistemlərinin qurulması, onların effektivliyinin və davamlılığının təmin olunması istiqamətində görülən işlər barədə çıxış edib.
Daha sonra IQAA-nın prezidenti Şolpan Kalanova beynəlxalq akkreditasiyanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin inkişafında rolu və əhəmiyyəti barədə məlumat verib, sahə səfərinin gündəliyi ilə bağlı iştirakçıları məlumatlandırıb. Akkreditasiya Komissiyasının üzvlərindən biri, Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti Miras Daulenov IQAA tərəfindən tətbiq olunan qiymətləndirmə meyarları barədə təqdimat edib, akkreditasiya prosesinin əsas prinsiplərini iştirakçıların diqqətinə çatdırıb və prosesdə iştirak edənlərə uğurlar arzulayıb.
BDU ilə IQAA arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası prosesi Avropa Ali Təhsil Məkanında qəbul edilmiş Avropa Standartları və Təlimatlarına (ESG) uyğun şəkildə aparılır. 14 təhsil proqramının beynəlxalq akkreditasiya qiymətləndirilməsini həyata keçirən Akkreditasiya komissiyalarının tərkibinə Pakistan, Türkiyə, Sloveniya və Qazaxıstandan beynəlxalq ekspertlər cəlb olunub.
Sahə səfəri çərçivəsində ekspertlər Universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirəcək, həmçinin təhsil proqramlarının məzmunu, təlim və tədris metodları, keyfiyyət təminatı mexanizmləri və BDU-nun maddi-texniki bazası ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, IQAA Avropa Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür və Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) rəsmi qeydiyyata alınıb. Bu isə həyata keçirilən akkreditasiya prosesinin beynəlxalq standartlara uyğun aparıldığını və onun nəticələrinin beynəlxalq səviyyədə tanınmasını təmin edir.
Hazırda həyata keçirilən sahə səfəri BDU-da tədris olunan təhsil proqramlarının keyfiyyətinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, akademik mühitin daha da inkişaf etdirilməsi və Universitetin qlobal rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tehsil-press.az















