Milli Məclis mühüm QƏRARLAR QƏBUL EDİB - Dəyişikliklər nədir?

Milli Məclis mühüm QƏRARLAR QƏBUL EDİB - Dəyişikliklər nədir? Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (doqquz min manatdan on üç min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması da əlavə edilir.

Layihəyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.


İnzibatı Xətalar Məcəlləsının 410-cu maddəsində də bununla əlaqədar dəyişikliklər nəzərdə tutulur. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.

***

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 528-3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək. Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə olunacaq. Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə beş yüz manat məbləğində tətbiq ediləcək.

Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaq. Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək.

İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimələnəcək.

Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Bunlar göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunacaq.

***

Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılır, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil ediləcək və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində dəyişikliklər ediləcək. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək. "İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.

Həmçinin layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur. Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada veriləcək.

Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.

***

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yaymaya görə cəzalar müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu,

İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni - 148-2.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər