Bəs, bu yeniliyin tətbiqi ilə köhnə kartların istifadəsi dayandırılacaqmı? Eyni sistem metro və digər nəqliyyat vasitələrinə də tətbiq olunacaqmı?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla əlaqə saxlayıb. Ekspert bildirib ki, yeni kartların tətbiq olunması köhnə kartların dərhal ləğv ediləcəyi anlamına gəlmir. Onun sözlərinə görə, köhnə kartlar hələ də dövriyyədə qalacaq və müəyyən müddət ərzində istifadə olunacaq.
Eldəniz Cəfərov qeyd edib ki, gediş haqlarının diferensiallaşdırılması tətbiq olunarsa, bu sistem bütün ictimai nəqliyyat vasitələrində həyata keçiriləcək:
“Yalnız avtobuslarda tətbiq olunub metroda tətbiq edilməməsi mümkün deyil. Sistem bütün ictimai nəqliyyat vasitələrində paralel şəkildə həyata keçiriləcək. Qiymətlərin diferensiallaşdırılması o demək deyil ki, tariflər mütləq şəkildə yüksələcək. Bu halda müxtəlif tariflər tətbiq oluna bilər”, – deyə ekspert bildirib.
Ekspert məsafəyə görə tənzimlənən tariflərin tətbiq mexanizmini də izah edib:
“Xarici ölkələrdə bu təcrübə belədir ki, sərnişin ictimai nəqliyyata daxil olarkən kartı oxudur. Daha sonra nəqliyyat vasitəsini tərk edərkən kartı yenidən oxudur. Sistem avtomatik olaraq qət edilən məsafəni hesablayır və kartdan müvafiq məbləği çıxır”, – deyə Eldəniz Cəfərov bildirib.
O əlavə edib ki, yeni sistem tətbiq olunarsa, müəyyən sosial təbəqələr üçün – məsələn, tələbələr və pensiyaçılar üçün – güzəştlərin tətbiqi də mümkün ola bilər.
Eldəniz Cəfərov sonda bildirib ki, sözügedən kartların dövriyyəyə buraxılması ilə bağlı hələlik müzakirələr olmayıb.
Tehsil-press.az








