BDU-da elmi seminar: “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi”

BDU-da elmi seminar: “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi” Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Riyazi iqtisadiyyat kafedrasının müdiri, professor Elşar Orucov “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi” mövzusunda məruzə ilə çıxış edib.

Elşar Orucov müasir qloballaşma şəraitində maliyyə-iqtisadi zaman sıralarının ekonometrik təhlilində innovativ yanaşmaların tətbiqi, kvaziperiodik əsaslı zaman sıralarının struktur dəyişmələri və onların nəzəri əsasları barədə iştirakçılara ətraflı məlumat verib. Məruzəçi zaman sıraları arasında uzunmüddətli tarazlıq əlaqələrinin riyazi əsaslandırılması və spektral yanaşma vasitəsilə kointeqrasiya münasibətlərinin müəyyənləşdirilməsinin iqtisadi təhlildə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Uyğun stoxastik proseslərin uzunmüddətli əlaqələrinin qurulması, kointeqrasiya əlaqələrinin rezonans halları və harmonikalı tərkiblərlə səhvlərin korreksiyası modelləri barədə fikirlər səsləndirib, bu modellərin iqtisadi interpretasiyasını iştirakçıların diqqətinə çatdırıb.

Elmi seminar iştirakçıların sualları və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib. Professor Murad Tağıyev, dosent Natəvan Əyyubova, riyaziyyat üzrə fəlsəfə doktoru Həcər Əfəndiyeva və iqtisadiyyat üzrə fəlsəfə doktoru Qalib Qafarlı çıxış edərək mövzunun müasir iqtisadi çağırışlar, böhranlar və qeyri-müəyyənliklər şəraitində aktuallığını qeyd edib, spektral yanaşmaya əsaslanan ekonometrik modellərin hazırlanmasının elmi və praktiki əhəmiyyətini vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər