Deputat Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak etmək üçün Parisə yollanıb.
Vüqar Bayramov sessiya çərçivəsində kosmik sahədə görülən işlər, gələcək planlar və kosmos fəaliyyətinin inkişafına dair aparılacaq müzakirələrdə iştirak edəcək. Səfər martın 27-də başa çatacaq.
Qeyd edək ki, uzun fasilədən sonra Fransa ilə Azərbaycan arasında təmaslar intensivləşməkdədir. Bu mənada Milli Məclis üzvünün Parisə dəvət alması diqqət çəkir.
Deputat Vüqar Bayramov Fransa paytaxtından verdiyi açıqlamasında bildirib ki, astronomiya ilə bağlı beynəlxalq tədbir hər il mart ayında Fransanın paytaxtı Paris şəhərində keçirilir:
“Burada yalnız Fransa dövlət qurumları deyil, eyni zamanda kifayət qədər çox sayda ölkəni təmsil edən millət vəkilləri və hökumət nümayəndələri də iştirak edir. Praktiki olaraq, Paris görüşünə hər il təxminən 50–60 ölkənin nümayəndəsi qatılır. Bunlar parlamenti təmsil edən nümayəndələr, həmçinin hökumət nümayəndələridir. Fransa tərəfi də kifayət qədər böyük nümayəndə heyəti ilə iştirak edir”.
Milli Məclisin üzvü qeyd edib ki, tədbirdə həm kosmosa bağlı məsələlər, həm də dövlətlər arasında bu sahədə əməkdaşlıq imkanları ayrıca müzakirə olunur:
“Nəzərə alsaq ki, birgə layihələrin həyata keçirilməsi və daha çox kosmik xidmətlərin göstərilməsi əsas istiqamətlərdən biridir, ona görə bu görüş həm də dövlətlər arasında kosmik sahədə əməkdaşlığın gücləndirilməsini məqsəd qoyur. Parlamentarların dəvət olunması da bununla bağlıdır. Birbaşa bununla əlaqədar olaraq, həm milli, həm regional, həm də qlobal qanunvericilik aktlarının və ya konvensiyaların daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biridir. Bu baxımdan artıq təxminən 5 il müddətində müxtəlif ölkələri təmsil edən parlament nümayəndələri də bu toplantılarda iştirak edirlər”.
Tehsil-press.az









