Üzeyir Cəfərov: "İncirlikdə Rusiyanın iki məqsədi var"

Üzeyir Cəfərov: Ekspert NATO-nun Türkiyənin Rusiya jestinə isti baxmayacağını düşünür.

“İncirlik hərbi bazasını Rusiyanın üzünə açmaq sırf Türkiyənin qərarıdır. Türkiyə NATO ilə məsləhətləşəcək. Mən NATO-nun da bu işə qarışacağını gözləyirəm".
Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov tehsil-press.az-a Türkiyənin İncirlik hərbi bazasından Rusiyaya istifadəyə icazə verəcəyi ilə bağlı məsələni şərh edərkən bildirib.
O qeyd edib ki, bazanı açması iki ölkənin yaxınlaşması fonunda Türkiyənin Rusiyaya növbəti bir jestidir. "Lavrovla bu müzakirələri aparıblar, Rusiya da belə bir arzusunu, istəyini onlara çatdırıb".

Üzeyir Cəfərov: "İncirlikdə Rusiyanın iki məqsədi var"
Üzeyir Cəfərov - hərbi ekspert

Hərbi ekspert Türkiyənin bu addımının geniş müzakirələrə səbəb olacağını qeyd edib.
"Rusiya iki məqsəd güdür. Bunlardan biri indiyədək onun üçün əlçatmaz olan İncirlik hərbi hava bazasından istifadə etmək imkanları əldə etməkdir. Eyni zamanda terror qruplaşmalarına qarşı mübarizədə bunun daha böyük effekt verəcəyini düşünür. İkincisi, indiyə qədər Rusiya təyyarələri Suriyaya ayrı-ayrı uzaq yerlərdən qalxırdı və bu, böyük vəsaitlər tələb edirdi. Həmçinin bunun effektlilik dərəcəsi aşağı olurdu. İndi iki addımlıqdan Rusiya təyyarələri hədəfləri məhv edə bilər".
Ekspertin sözlərinə görə, Türkiyə özü də terrordan çox əziyyət çəkib. Türkiyə Rusiyayla əməkdaşlıq edərək İŞİD terror qruplaşmasına qarşı aktiv mübarizə aparmağı düşünür. O düşünür ki, Türkiyənin bu addımı geniş müzakirələrə səbəb olacaq.
"İnanmıram ki, NATO Türkiyənin bu addımını isti qarşılasın. Hər halda detallar razılaşdırılacaq. Orada yalnız və yalnız İncirlik hərbi hava bazasından təyyarələrin qalxması və onlara texniki yardım məsələsindən söhbət gedə bilər. Bu məlumat yeni olduğundan hələ NATO-nun buna münasibəti dəqiq deyil".
Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiyanın üzünə aça bilər. Bu sürpriz açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.
"İŞİD-ə qarşı hər kəslə əməkdaşlıq edərik. Terror təşkilatı ilə aktiv mübarizəyə qatılmaq istəyənlərə, bilirsiniz ki, İncirlik hərbi hava bazasını açmışıq. Rusiya ilə bu işbirliyini niyə etməyək ki? Çünki terror hamımızın düşmənidir".


Tehsil-press.az

Oxşar xəbərlər