Tələbələrimiz Çindən qayıtdılar

Tələbələrimiz Çindən qayıtdılar Azərbaycanda ilk dəfə olaraq 2015-2016-ci tədris ilində Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbəsi universitetin maliyyə dəstəyi hesabına təhsillərini bir illik Çinin Şenyan Pedaqoji Universitetində davam etdiriblər. Tələbələrin Çinə təhsil almağa göndərilməsi ADU və Şenyan Pedaqoji Universiteti arasında imzalanmış müqaviləyə əsasən mümkün olub. Belə ki, müqaviləyə əsasən tələbələr Çin dilini öyrənmək üçün ÇXR-də yaşayaraq orada təhsil alıb və çinli tələbələrlə əlaqələr yaradaraq bu dildə danışıq bacarıqlarını inkişaf etdiriblər. Çində tədris ilini müvəffəqiyyətlə başa çatdıran tələbələr hazırda ADU-da öz təhsillərini davam etdirirlər.
Çinin Şenyan Pedaqoji Universitetində Çin dili ixtisası üzrə təhsil alan tələbələrdən biri Səmra Hüseynlidir. Hazırda ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının təhsil alan Səmra Hüseynli Vətənə xoş təəssüratlarla qayıdaraq fikirlərini bizimlə bölüşdü.
Beş min ildən artıq qədim tarixə və mədəniyyətə malik olan Çin Xalq Respublikasının dilini öyrənməyə uşaq yaşlarından bəri marağı olan Səmra Hüseynli ADU-nun çinşünaslıq ixtisasını öz istəyi ilə seçib. ADU və Çinin Şenyan Pedaqoji Universiteti arasında bağlanan müqavilə əsasında Çin dilini öyrənmək şansının olduğunu eşidən S. Hüseynli dil biliyini daha da inkişaf etdirmək üçün bu şansı əldən qaçırmayıb. Tələbələrin dil səviyyəsi nəzərə alınan seçim prosesində bütün imtahanlardan uğurla keçən S.Hüseynli ən yaxşı nəticə toplayan 10 nəfər tələbədən biri olmaq şansını əldə edib.
Çin dili ixtisası üzrə təhsil alan ADU tələbəsi Bolonya sisteminin tətbiq olunduğu Şenyan Pedaqoji Universitetində tələbə həyatının çox maraqlı keçdiyini, dərslərdən əlavə səyahət etməyə də vaxtlarının qaldığını bildirdi. Bununla yanaşı o, dil biliklərini daha da inkişaf etdirmək üçün çinli dostları ilə çoxlu vaxt keçirib. Üç saata qədər davam edən dərslərdə dinləmə, danışıq və əsas dərs (qrammatika və söz ehtiyatı) tədris olunduğunu söyləyən Səmra Hüseynli Çinin mədəniyyətini də əlavə fənn olaraq daha yaxından öyrəndiyini qeyd etdi.
Çində bir illik təhsil almağın xoş olduğunu bildirən S. Hüseynli ölkə haqqında təəssüratlarının müsbət olduğunu vurğuladı. O, Çin xalqının çox istiqanlı və mehriban olduğunu, müəllimlərin isə onlara qayğıkeş münasibət bəslədiyini dedi. Çində olduğu müddət ərzində o, qədim ölkənin bir çox tarixi yerlərində, o cümlədən Tian An Men meydanı, İmperatorun yay sarayı (Yiheyuan), Çin səddi (Chang Cheng), Qadağan olunmuş şəhər (Gu Gong) və Tiantang səma məbədində olub. Eyni zamanda, keçirilən bir sıra tədbirlərdə iştirak edən S.Hüseynli universitetin zalında Pekin operası və milli rəqs nümunələrinə baxdığını sözlərinə əlavə etdi. Tələbəmiz bildirdi ki,
Çində yaşamaq, təhsil almaq onun dünyagörüşünün formalaşmasına, o cümlədən dil biliyinin inkişaf etməsinə müsbət təsir göstərib, həmçinin bu dilə daha dərindən yiyələnməklə gələcəkdə prestijli şirkətlərlə iş əlaqəsi yaratmaq imkanı əldə edə bilər. Çinli tələbələrin təşkil etdiyi tədbirdə yelpiklərlə Çin rəqsi ifa edən Səmra Hüseynli, eyni zamanda bayram tədbirlərində xarici tələbələrlə birlikdə müxtəlif rəqslərlə çıxış edib. O, həmçinin Çin milli geyimlərindən biri ilə moda nümayişində iştirak edib. Tədbirlərdə iştirak edən tələbələr təqdim olunarkən Azərbaycan adının səslənməsi Səmra üçün çox qürurverici olub.
Onlara tədris olunan mədəniyyət dərsində hər bir tələbəyə şərait yaradılıb ki, öz şəhərini və ya ölkəsini təmsil etsin. Tələbələrimiz də bu fürsəti əldən verməyib, Azərbaycanın milli yeməkləri, tarixi abidələri və s. haqqında videoçarx hazırlayıblar. Bundan əlavə hər bir tələbə öz ölkəsinin mətbəxinə dair yeməklər hazırlamalı olub. Onlar da plov və kələm dolması hazırlayıblar, xarici tələbələr isə dolmanı çox bəyənib.
Azərbaycan və Çin mətbəxinin fərqli xüsusiyyətlərə malik olduğunu söyləyən Səmra Hüseynli çinlilərin əsasən tərəvəzlərə üstünlük verdiklərini, yeməklərinin isə çox acı olduğunu bildirdi. Azərbaycanlılardan fərqli olaraq çinlilərin yeməklərə şəkər də qatdıqlarını söyləyən ADU tələbəsi ilk günlərdə çox acı olduğundan Çin yeməklərini yeyərkən çətinlik çəkdiklərini, lakin sonradan öyrəşdiklərini qeyd etdi.
Sonda isə Səmra Hüseynli bu cür şərait yaratdıqlarına görə ADU rəhbərliyinə, Çin dili müəllimlərinə və Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasova öz minnətdarlığını ifadə etdi.


Tehsil-press.az

Oxşar xəbərlər