
Sərginin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları UNEC-in stendi ilə tanış olub. Universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov nazir müavininə UNEC-dəki yeniliklər haqqında ətraflı məlumat verib. Bildirib ki, 2016/2017-ci tədris ilində UNEC-i ən yüksək balla seçən tələbələrin sayında ciddi artım qeydə alınıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayaraq İqtisad Universitetinə daxil olub. Ş.Bayramov UNEC-in QS və Webometrics kimi beynəlxalq reytinqlərdəki mövqeyindən, hazırda uğurla həyata keçirilən “Elektron Universitet” modelinin, Differensial əmək haqqı sisteminin tədrisin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən danışıb. Prorektor UNEC-də yeni tədris ilindən start verilən “Lider müəllim-lider universtet”, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihələrini xüsusi vurğulayıb. Təhsil nazirinin müavini C.Bayramova ikili diplom, mübadilə, Mevlana və Erasmus+ proqramlarının uğurlu nəticələri barədə məlumat verilib.
C.Bayramov UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb. UNEC-in beynəlxalq proqramları, distant, qiyabi və əlavə təhsilin təşkili və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, universitetdə 4 dildə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub. Stendə baxış zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az