Azərbaycan BƏƏ jurnalistinin gözü ilə

Azərbaycan BƏƏ jurnalistinin gözü ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil Azərbaycanda səfərdə olub. Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, Azərbaycanın BƏƏ-dəki səfirliyinin təşəbbüsü ilə 4-9 oktyabr tarixlərində baş tutan səfərdən baş redaktorun ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovla müsahibəsi (http://www.alfajr-news.net/node/122438) qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.

Müsahibəsində Aparat rəhbəri Naxçıvanın tarixi və coğrafiyası haqqında ətraflı bəhs edib.
Ə.Həsənov əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf kursunun Azərbaycanın digər yerlərində olduğu kimi, muxtar respublikada da özünü qabarıq şəkildə büruzə verdiyinə diqqət çəkib. Əlavə edib ki, bunun məntiqi nəticəsidir ki, Naxçıvanda da sürətlə inkişafda olan turizm sektoru daxil olmaqla, hərtərəfli çiçəklənmə baş verir, il ərzində muxtar respublikaya 450 min turist səfər edir və bu da Naxçıvanı özünəməxsus turizm mərkəzinə çevirir.
Naxçıvan rəsmisi respublikanın ərazisində 60 dünya əhəmiyyətli tarixi-mədəniyyət abidəsinin yerləşdiyi barədə məlumat verərək, bu abidələrin əksəriyyətinin eramızdan əvvəlki dövrə təsadüf etdiyini önə çəkib və yay aylarında ayrı-ayrı ərazilərdə havanın hərarətini müqayisə edib. Qeyd edilib ki, Naxçıvan və bəzi şəhər və rayonlarda yayda istinin hərarəti 40 dərəcəyə çatdığı halda, 65 km aralıqda yerləşən Batabat yaylasında havanın hərarəti cəmi 18 dərəcə səviyyəsindədir ki, bu da möcüzə sayılır. Digər möcüzə isə yaylada mövcud eyniadlı gölün üzərində günəşin hərəkəti ilə üzən adadır.
Naxçıvanda əmin-amanlıq və sabitliyin hökm sürdüyünü vurğulayan Ə.Həsənov muxtar respublikanın, tətil və məzuniyyətlərini qəlbləri fəth edən füsunkar və sehrli təbiət və hava şəraitində keçirmək arzusunda olan və eyni mədəniyyətə mənsub və oxşar adət-ənənələrə malik çox sayda ərəb turisti qəbul etməyə hazır olduğunu və turistlərin istirahətinin müxtəlifliyi üçün hər cür şəraitin yaradıldığını və zövqlərinə uyğun təamların təqdim edildiyini Ş.Əl-Bəsilin nəzərinə çatdırıb.
Sonra Aparat rəhbəri müalicəvi turizmə toxunarkən muxtar respublikada yüksək beynəlxalq standartlara cavab verən peşəkar müalicə xidmətləri təqdim edən ixtisaslaşdırılmış sağlamlıq mərkəzlərinin fəaliyyət göstərdiyini qabardıb. Davamı olaraq, qəzetin baş redaktorunun diqqəti Duzdağ Fizioterapiya Mərkəzinə yönəldilərək, bu şəfa ocağının dünya xəritəsində öncül yerlərdə qərarlaşdığı, burada dərmansız bronxial-astma, allergik rinosinusopatiya və tənəffüs aparatına aid digər xəstəliklərin müalicə olunduğu deyilib, münasib qiymətlərə olan müalicə kursunun peşəkar komanda tərəfindən yüksək səviyyədə aparıldığı vurğulanıb.
Naxçıvana investisiya qoyuluşu üçün imkanlarla bağlı sualı cavablandıran Ə.Həsənov BƏƏ, Körfəz və digər ərəb sərmayədarlarını tərəflərin maraqlarına uyğun investisiya qoyuluşuna və muxtar respublikada gedən geniş inkişaf prosesində iştirak etməyə dəvət edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi amacı ilə qərarının önəmini qeyd edib və onlara hökumət zəmanəti ilə bərabər, vergi və gömrük güzəştlərinin ediləcəyini bəyan edib.
O, müxtəlif ulduzlu mehmanxanaların, turizm və müalicəvi turizm obyektlərinin inşası, eləcə də mineral suların istehsalı, dərman preparatları sənayesi, heyvandarlıq, xalçaçılıq kimi sektorların adını çəkib və sadaladığı sahələrin hamısının perspektivli olduğunu özəlliklə qeyd edib. Ə.Həsənov Naxçıvanın iqtisadi imkanları barədə ətraflı danışıb, muxtar respublikanın özünü kimyəvi qatqılar və hormonlarsız həqiqi kənd təsərrüfatı məhsulları ilə təmin etdiyini, ətraf mühitin qorunması və mühafizəsi məqsədilə sənaye istehsalatının təşkili işində ən qabaqcıl meyar və texnologiyaların tətbiq olunduğunu vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər