Qərb Universitetinin yaranmasından 25 il ötür

Qərb Universitetinin yaranmasından 25 il ötür Azərbaycanda ilk özəl ali təhsil ocaqlarından olan Qərb Universitetinin yaranmasından 25 il ötür.
Universitetin mətbuat xidmətindən tehsil-press.az-a bildiriblər ki, əsası 1991-ci ildə qoyulan bu ali təhsil ocağı 1992-ci ildən UNESCO-nun nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür.
Qərb Universiteti fəaliyyət göstərdiyi müddətdə yüksək səviyyəli mütəxəssislər hazırlayıb. Onların sırasında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva və başqalarını qeyd etmək olar.
Universitetdə 1998-ci ildən etibarən fəaliyyət göstərən karyera inkişaf mərkəzinin hesabatına görə, 2011-2015-ci illərdə bu ali təhsil ocağını bitirənlərin 49 faizi artıq işləyir. Onların 37 faizi dövlət, 47 faizi özəl, 16 faizi isə beynəlxalq müəssisələrdə çalışır. Məzunların 4 faizi hərbi xidmətdədir, 19 faizi magistrantdır, 9 faizi xarici universitetlərdə, eləcə də Avropanın və ABŞ-ın tanınmış tədris mərkəzlərində təhsil alır, 3 faizi isə xarici ali təhsil ocaqlarına qəbul olunmaq üçün universitetlərdən cavab gözləyir.
Yüzdən artıq yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin beş fakültəsində tələbələr 36 ixtisas üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura, dissertantura səviyyələrində və əlavə təhsil alırlar.

Oxşar xəbərlər