“ADA” Universitetində gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu ilə bağlı müzakirələr aparılıb

“ADA” Universitetində gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu ilə bağlı müzakirələr aparılıb Oktyabrın 24-də “ADA” Universitetində BMT-nin yaranmasının 71-ci ildönümünə həsr olunan “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elmi təşkilatların üzvləri və başqaları iştirak ediblər.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ötən 71 ildə BMT-nin gördüyü işlərdən bəhs edib. Vurğulanıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.
BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışan “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev müstəqil Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunduğunu xatırladıb.
H.Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyət göstərdiyi ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Sonra “Qlobal, regional və lokal kontekstdə gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu” mövzusunda panel iclası keçirilib.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər