
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb. Azərbaycan nümayəndə heyəti İspaniya Senatının binası, burada yerləşən qədim və zəngin kitabxana ilə tanış olub. Sonra nümayəndə heyətinin üzvləri İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində olublar. Burada Azərbaycan nümayəndə heyəti nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzales ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Təklif olunub ki, Azərbaycandakı orta məktəblərdə ispan dilinin, İspaniyadakı ali məktəblərdə isə multikulturalizm fənninin keçirilməsi məsələləri ətrafında iş aparılsın. Azərbaycan hökumətinin universitetlərdə tədris etdiyi multikulturalizm fənni dünyanın 20-yə yaxın ölkəsində tədris proqramına salınıb. Həmçinin ölkələrimizin universitetləri arasında tələbə və müəllim mübadiləsi də əsas müzakirə mövzularından olub.
Noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə keçirilən konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da çıxış edərək Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib. Burada uzun əsrlər zərdüştlük, yəhudilik, xristianlıq, İslam formalaşıb və yayılıb. Torpaqlarımızın 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, işğal altında olan ərazilərimizdə çoxsaylı dini, mədəni və tarixi abidələrin dağıdılmasına rəğmən, Bakı başda olmaqla Azərbaycan ərazisindəki erməni kilsələri dövlət tərəfindən qorunur, lazım gəldikdə təmir olunur. Multikulturalizmin qorunması və təbliği istiqamətində elm və təhsilin də böyük rolunu qeyd edən akademik təhsil sistemlərinin monokultural əsaslardan multikultural əsaslara keçməsinin vacibliyini vurğulayıb.
Konfrans işini İspaniyanın Mursiya şəhərində davam etdirir.
Mətbuat və informasiya şöbəsi


