Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri uca zirvələri fəth edib

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri uca zirvələri fəth edib Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qardaş Türkiyə ilə diplomatik münasibətlərin yenidən qurulmasının 25 ili tamam oldu. Ötən dövrdə ağır sınaqlardan çıxan ölkələrimiz qardaşlıq münasibətlərinin qorunmasına əzmlə nail ola bilib. İctimaiyyət arasında haqlı olaraq belə bir fikir formalaşıb: Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur.
XX əsrin əvvəlində ölkəmizdə ağır hərbi cinayətlər törətməklə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin devrilməsinə hərtərəfli təsir göstərən erməni millətçi dairələri ötən əsrin sonunda Dağlıq Qarabağa qarşı əsasız ərazi iddiaları ortaya qoyaraq yenə də dövlət müstəqilliyimizə qarşı növbəti strateji təxribatın iştirakçısına çevrildilər. Türkiyə tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ortaya çıxan gündən öz qardaşlıq mövqeyini əzmlə ortaya qoydu. Xalqımızın haqq işinin dəstəklənməsi Azərbaycanın Türkiyə sevgisini daha da yüksəklərə qaldırdı. Sovet dövrünün siyasi qadağalarından irəli gələrək unudulan tarixi həqiqətlərin ortaya çıxması da Azərbaycan-Türkiyə münasibətlərinə təkanverici təsir göstərdi.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini müasir dünyanın düzümünə uyğun yeni bir formada möhkəmləndirməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən təcavüzkar Ermənistan tərəfindən hərtərəfli blokadaya alınan muxtar respublika əhalisini aclıq və səfalətdən, o cümlədən ölkəmizin ayrılmaz parçası olan bu bölgəni işğal təhlükəsindən xilas etmək üçün Türkiyə ilə əlaqələrin sürətli inkişafına nail oldu. Həmin dövrdə Ermənistan tərəfindən Naxçıvana edilən hücumların əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə KİV-lərinin, eləcə də qardaş ölkənin efir məkanının imkanlarından məharətlə istifadə olunub. Türkiyədən gətirilən humanitar yardımlar əhalinin sosial həyatında həlledici rol oynadı.
1994-cü ildə Xəzər dənizinin Azərbaycan bölməsindəki karbohidrogen ehtiyatların işlənməsi üçün Bakıda imzalanan “Əsrin müqaviləsi” layihəsi Azərbaycan və Türkiyənin iqtisadi dirçəlişi və siyasi gücünün artması üçün yeni bir stimul yaratdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri çərçivəsində birgə inkişaf platformasına həyat vəsiqəsi qazandırdı. Bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına da cavab verir. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Yaxın aylarda istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz-2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə Avrasiya qitəsinin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır. Bundan başqa, Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan-Türkiyə iqtisadi iş birliyinin daha bir real nəticəsi kimi ortaya çıxıb. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub. Qeyd etdiyimiz Avrasiya Böyük İnformasiya Yolu layihəsi Azərbaycanın siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli dəhlizdir. Avrasiya Böyük İnformasiya Yolunun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. TANAP-ın tikintisində onunla paralel olaraq yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən informasiya daşıyıcısı olan digər mühəndis qurğularının tikintisi nəzərdə tutulur. Ona görə də mütəxəssislər TANAP-ı Böyük İnformasiya layihəsinin yol açarı kimi qiymətləndirirlər.
Azərbaycan-Türkiyə səmimi qardaşlıq münasibətləri ötən dövrdə beynəlxalq media orqanlarının, həmçinin sosial şəbəkənin tez-tez müraciət etdiyi mövzular sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş plenar iclasındakı çıxışı dünya mətbuatının diqqət mərkəzində oldu. Dövlət başçımızın Ermənistan prezidenti Serj Sarkisyanın növbəti spekulyasiyasına, təcavüzkar dövlətin rəhbərinin sammitdə Türkiyə təmsilçisinin iştirak etməməsindən istifadə edərək rəsmi Ankaranın ünvanına böhtan və iftira söyləməsinə və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsinə sərt şəkildə cavab verib. Bundan başqa, 2016-cı ilin ilk aylarında Türkiyədə törədilən amansız terror aktları səbəbindən həmin ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərinin baş tutmaması səbəbindən iki dəfə təxirə salındı. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə jest edərək Ankaraya getmək barədə olduqca riskli qərar qəbul etdi. Beləliklə, Azərbaycan dövlətinin başçısı Türkiyəyə səfər etdi və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Bakıda yox, Ankarada keçirildi. Yuxarıda qeyd etdiyimiz hər iki beynəlxalq səviyyəli siyasi hadisə günlərlə dünya media məkanının manşet materialı oldu. O cümlədən Türkiyənin Anadolu Agentliyi, “İhlas” və “DHA” xəbər saytları, “Milliyyət”, “Huriyyət”, “Cumhuriyet”, “Yeni Şafak”, “Sözcü”, “Star” və digər qəzetlər, televiziya və radio kanalları Prezident İlham Əliyevin siyasi jestlərini əsl qardaşlıq səmimiyyəti, cəsarət və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirdilər. Prezident İlham Əliyevin bu jestləri Türkiyə ictimaiyyətində böyük rəğbətlə qarşılandı.
Ən son rəsmi məlumatlara görə, hazırda Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə 10 milyard dollar təşkil edir. 2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq.
Azərbaycan-Türkiyə əlaqələrinin, hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verib. Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Oxşar xəbərlər